Azərbaycan radiosunun 91 yaşı tamam oldu

06.11.2017 12:35     Sosreaksiya     1233

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

1926-cı ilin bu günü Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər baş verib. 2016-cı ildə isə daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçid baş verib.

Hazırda ölkədə onlarca televiziya və radio fəaliyyət göstərir. Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Bu gün onun verilişlərini peyk vasitəsilə dünyanın hər yerində izləmək mümkündür.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə 2 telekanal fəaliyyət göstərir.

Reaksiya.az

Şərhlər