Qənirə Paşayeva Bağdadda İraq Türkman Cəbhəsini ziyarət edib

Qənirə Paşayeva Bağdadda İraq Türkman Cəbhəsini ziyarət edib
Tarix: 11.12.2017 20:09
Oxunma sayı: 656
Paylaş:

Beynəlxalq Konfransda iştirak etmək üçün İraqda səfərdə olan millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İraq Türkmən Cəbhəsini ziyarət edib və onun lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri ilə görüşüb.

Millət vəkili Bağdadda İraq Türkmen Cəbhəsi ofisini ziyarət etməkdən və bu görüşdən çox məmnun olduğunu xüsusi vurğulayıb. Görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı “qardaş ölkə” adlandıran Ərşad Salihi İraqda türkmənlərin üzləşdiyi problemlər, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin İraq türkmənlərinə biganə münasibəti, İraq Türkmən təşkilatlarının soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib. O, Azərbaycanla İraq arasında parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb.

Millət vəkili Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. İraqda yaşayan türkmənlərin son on illər ərzində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, “İraq, özəlliklə, İraqlı soydaşlarımız, bizim “İraqlı azərbaycanlılar” dediyimiz türkmənlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Özəlliklə, son aylar İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmənlərin vəziyyətinin daha da gərginləşməsi bizi də dərindən narahat etmişdi və İraqda İSİD-lə mübrizədə əldə edilən nailiyyətlər, bu istiqamətdə vəziyyətin düzəlməsi, Türkman soydaşlarımızın yaşadığı acıların bir az da olsa azalması bizim də sizinlə bağlı üzüntümüzü bir az da ols azaltdı.

Bu hadisələr zamanı qətlə yetirilmiş türkmən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Öz evindən köçkün düşmüş minlərlə insanımız, onların ağır vəziyyəti da hamımız ciddi narahat edir. Eyni zamada İraqın şimalında keçirilən qeyri-qanunu referendum və Kərkükdə Türkman soydaşlarımızın yaşadığı problemlər də bizi dərindən narahat etmişdi.  Ümid edirik ki bu günə qədər olduğu kimi bunda sonra da İraq Türkman Cəbhəsi başçılığı altında İraq Türkmanları qardaş-bacılarımızın  haqları uğrunda apardığı mübarizədə müsbət addımlar əldə edilməsi daha da artacaq və bu istiqamətdə yorulmaz fəaliyyətinizdə özəlliklə təşkilatın sədri olaraq sizə və bütün üzvlərinə təşəkkürümüzü bildiririk. Məzhəb ayrımı salmaq istəyən bir sıra xarici qüvvələrin oyunlarına imkan verməyərək məzhəb ayrımı olmadan birlik içində haqları uğrunda mübarizə aparmaq düşüncəsi İraq türkmanlarını daha da güclü edər və biz bu istqamətdə irəlilədiyinizi görməkdən çox məmnunuq.”

Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı başda olmaqla beynəlxalq təşkilatlar  İraq Türkmanlarına dəstəyi artırmalıdır və köçkün düşmüş Türkmanların öz evlərinə dönə bilməsi üçün onların dağıdılmış yurdlarının bərpasında harada doğulmasından asılı olmayaraq Türk millətinin övladları fəal olmalıdırlar və Türk dövlətləri dəstəyi artırmalıdırlar. Türk Dünyasının İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da İraq türkmənlərinin səsini beynəlxalq ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb və getdiyi hər ölkədə diaspor təmsilçiləri ilə bu məsələni də geniş müzakirə etdiyini və çağırış səsləndirdiyini deyib.

İraq türkmənlərinin hər zaman qardaş azərbaycanlıların dəstəyini hiss etdiklərini deyən İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri İraqda yaşanan son hadisələr barədə daha geniş məlumat verərək İraq türkmənlərinin Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyiblər. Onlar bildiriblər ki, həm İraq türkmənlərinin səsinin beynəlxalq təşkilat və qurumlara çatdırılmasında, onların haqlarının müdafiə olunmasında, həm də ağır vəziyyətə düşmüş, köçkün həyatı yaşamağa məcbur olan türkmən ailələrə maddi kömək baxımından da ciddi dəstəyə ehtiyac var.  Eyni zamanda evlərinə dönmək istəyən köçkün Türkmanların evlərinə dönməsi üçün onların dağıdılmış yurd yerlərinin bərpası istiqamətində də bu dəstəyə ehtiyac var.

Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərlərinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib və Qarabağ problemi ilə bağlı son durum və Azərbaycanın bu problemin həlli istiqamətində Türk dünyasından dəstək gözləntiləri, Xocalı Soyqırımının tanınması məsələsinin İraq Parlamentinin müzakirəsinə çıxarılmasının vacibliyi və bu istiqamətdə türkmən millət vəkillərinin ciddi dəstək və səylərinə böyük ehtiyac olduğu barədə də danışıb və fikir mübadiləsi aparılıb.

Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə İraq Türkmən Cəbhəsinin və İraq türkmənlərini təmsil edən təşkilatlarla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib. Yeni Çağ media qurumunun rəhbəri Aqil Ələsgər və Türkiyənin tanınmış media təmsilçiləri Sinan Burhan və Hasan Yavuz Bakırın da iştirak etdiyi görüşdə onlar da düşüncələrini söyləyiblər və geniş fikir mübadiləsi olub. Görüşdən sonra Türkmeneli TV-yə geniş açıqlamalar verilib.

 

Reaksiya.az 

Şərhlər