Alpinistlərin axtarışı nə yerdədir?

Alpinistlərin axtarışı nə yerdədir?
Tarix: 04.01.2018 21:57
Oxunma sayı: 762
Paylaş:

Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin Qəbələ rayonu ərazisindəki axtarışları nəticə verməyib.

Reaksiya.az FHN-nin saytına istinadən xəbər verir ki, əməliyyatda FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.

Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.

Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə bildirir ki, axtarış-xilasetmə əməliyyatının gedişatını, xüsusilə də mürəkkəb şəraitdə axtarış-xilasetmə tədbirlərini həyata keçirən müvafiq dövlət qurumlarının əməkdaşlarının və könüllülərin fədakar fəaliyyətini işıqlandırmaq əvəzinə, bəzi kütləvi informasiya vasitələri və sosial media istifadəçiləri həqiqəti əks etdirməyən məlumatlar yaymaqda davam edirlər.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edir və yaranmış həssas vəziyyətə anlayışla yanaşmağa çağırır.

Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.

 "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov  sözlərinə görə, Qəbələdə axtarışlar fasiləsiz aparılsa da, nəticə verməyib: "Artıq biz qayıtmışıq. Qubanın Xınalıq istiqamətində Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları axtarışları davam etdirir. Biz də həmin axtarışlara qoşulacağıq. Məndə olan məlumatlara görə, hələ ki axtarışlardan müsbət nəticə əldə edilməyib".

 
Z.Qasımov bildirib ki, hazırda Qəbələ rayonu ərazisində də axtarışlar davam etdirilir: "Qəbələdə hazırda alpinistlərin ailə üzvləri və yaxınları da axtarışlara qoşulub".

 
Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.
 

 

 
 

Şərhlər