20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar

19.01.2018 12:50     Sosreaksiya     1802

Yanvarın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AzMİU-dan Reaksiya.az-a bildirilib ki, rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 Yanvar faciəsində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələri yada salıb, sovet ordusunun paytaxtda, eyni zamanda, bölgələrdə həyata keçirdiyi dəhşətli qırğınlardan danışıb. Rektor vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar.

G.Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb, tələbələrə 20 Yanvar hadisələrini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.

Universitetin ictimai fənlər kafedrasının müdiri Könül Əliyeva 20 Yanvar faciəsini milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası adlandırıb. O qeyd edib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. “İtkilərimiz oldu, lakin mənfur rejim xalqımızın mübarizlik əzmini, azadlıq istəyini boğa bilmədi. Azərbaycan canı, qanı bahasına müstəqilliyinə qovuşdu, 70 illik imperiya müstəmləkəsindən qurtuldu”, - deyə kafedra müdiri vurğulayıb.

Tələbələr yaxın keçmişimizin qanlı səhifəsi olan 20 Yanvar hadisələri barədə fikirlərini bölüşüb, şeirlər söyləyib, ölkəmizin müstəqilliyi, azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarına söz veriblər.

Tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər qərənfil dəstələri düzüblər.

Reaksiya.az

Şərhlər