Türkiyədə “Sibir qarayarası” şoku: ölkəmiz qonşu dövlətdən ət və diri heyvan alır

Türkiyədə “Sibir qarayarası” şoku: ölkəmiz qonşu dövlətdən ət və diri heyvan alır
Tarix: 12.02.2018 14:25
Oxunma sayı: 618
Paylaş:

Türkiyənin Trabzon vilayətinin Akçaabat qəsəbəsində “Sibir qarayarası” şübhəsi ilə karantin elan edilib. Qəsəbədəki heyvanlar müşahidə altına alınıb, analizlər götürülərək yoxlanılması üçün laboratoriyaya təqdim edilib.

Türkiyə mətbuatının xəbərinə görə, ötən həftə qəsəbə sakinlərindən biri inəyini kəsərək ətini qonşulara paylayıb. Bundan sonra 4 uşaq anası - 39 yaşlı Fatma Çakır halsızlıq və qanqusma şikayətləri ilə xəstəxanaya aparılıb, onun həyatını xilas etmək mümkün olmayıb. Çakırın ailə üzvləri də daxil olmaqla 80 nəfər “Sibir qarayarası”na qarşı yoxlanılıb, 3 nəfərdə bu virus aşkarlanıb.

Türkiyə Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə ət satır. Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına deyib ki, Azərbaycan Türkiyədən həm diri heyvan, həm də ət alır. Amma “Sibir qarayarası”nın idxal olunan ətlə ölkəmizə keçmə ehtimalı yoxdur. “Azərbaycana Trabzon bölgəsindən heyvan və ya ət gətirilmir. Buna baxmayaraq, gətirilən heyvanlar birbaşa kəsimə verilmir, karantində saxlanılır, xəstəliklərə qarşı müayinə edilir”, - Xanvəli əlavə edib. 

Mətbuat katibi qeyd edib ki, dünyanın istənilən ölkəsində baş verən heyvan xəstəlikləri ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dərahl məlumat ötürülür. Xidmət də həmin məlumatlara əsasən diri heyvan və ya ət gətirilib-gətirilməməsinə qərar verir.

Qarayara təhlükəli infeksion xəstəlik hesab edilir, bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların yoluxması mümkündür. Bağırsaq qarayarasında ürəkbulanması, zəiflik, iştahasızlıq, qarın ağrısı, yüksək hərarət, qan qusma ilə müşahidə edilir. Qan zəhərlənməsindən sonra xəstə ölür. Bağırsaq qarayarasında ölüm riski 50 faizə bərabərdir.

Ağciyər qarayarasında isə soyuqlama əlamətləri müşahidə edilir, xəstədə yüksək hərarət və titrəmərlər olur. Bir neçə gündən sonra isə xəstə şok keçirir və dünyasını dəyişir. (Virtualaz.org)

Reaksiya.az

Şərhlər