Ombudsman Xocalı soyqırımıyla bağlı tədbirlər keçirir - FOTOLAR

20.02.2018 10:46     Sosreaksiya     1386

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən paytaxtda və regionlarda silsilə tədbirlər təşkil edilir. Reaksiya.az-ın xəbərinə görə, belə tədbirlər Ombudsmanın Ahılların Resurs Mərkəzində, uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dək şagirdi birləşdirən Liderlik Məktəbində keçirilib.

Tədbirlərdə İnsan Hüquqları üzrə Müvəkkil, “Xocalı: şahidlər danışır” kitabının müəllifi İradə Əlili, soyqırımın şahidləri olan Xocalı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı X.Vəliyev, əsirlikdə olmuş Xocalı sakini E.Ağayev, bu soyqırımı zamanı hər iki valideynini itirmiş Ə.Ələkbərova, V.Xanlarova və C.Hüseynov, habelə S.Əzimova və Ş.Əzimov, eyni zamanda Ombudsman Aparatının əməkdaşları, Ahılların Resurs Mərkəzinin, həmçinin Liderlik Məktəbinin üzvləri və valideynləri iştirak ediblər.

İlk öncə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müvəkkil çıxış edərək, XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumat vermiş, hər il olduğu kimi, Azərbaycan həqiqətlərinin, haqq işimizin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yorulmadan fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində mübarizənin davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Xocalı soyqırımının 26-cı ildönümü haqqında müvafiq Sərəncama əsasən, tədbirlər planının icra olunaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyevin hələ 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciəti olmuş, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Azərbaycan tərəfi 30 ilə yaxın davam edən erməni təcavüzünün son qoyulmasına, sülhün bərqərar olunmasına mütəmadi olaraq səylər göstərir, ölkə Prezidenti cənab İlham Əliyev işğalçı qüvvələrin zəbt edilmiş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyi ilə bağlı ədalətli mövqeyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların tribunalarından bəyan edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Ombudsmanın Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Bəyanatının ölkəmizdə yayıldığı, habelə xaricdə nüfuzlu beynəlxalq təşkilatlara, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi diqqətə çatdırılıb.

Tədbirlərdə Ombudsmanın Bəyanatı səsləndirilib.

“Xocalı: şahidlər danışır” kitabının müəllifi İradə Əlili çıxış edərək, bu faciə zamanı azərbaycanlılara qarşı törədilmiş dəhşətlər haqqında danışıb, öz kitabı barədə məlumat verərək orada şahidlərin dediyi faktların əks olunduğunu qeyd edib. Habelə tədbirlərdə iştirak edən və həmin qanlı hadisələri öz gözləri ilə görmüş, əsirlikdə olmuş Xocalı sakinləri başlarına gələn müsibətlər, erməni vəhşilikləri haqqında məlumat veriblər.

Sonra “Xocalıdan gələn var” əsərinin motivləri əsasında çəkilmiş “Xocalıdan əsən yellər” adlı sənədli film nümayiş etdirilib, habelə Liderlik məktəbi üzvlərinin Qarabağ haqqında, vətənpərvərlik ruhunda şeirləri iştirakçılar tərəfindən həyəcanla dinlənilib.

İştirakçılar bu tədbirlərin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.

Yeri gəlmişkən, Müvəkkil tərəfindən ay ərzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı paytaxtda və regionlarda Ombudsman Aparatının və Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə silsilə tədbirlər təşkil edilir. Bu tədbirlərə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, QHT-lərin, icmaların, KİV-lərin, təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər cəlb olunub.


Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər