Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır - FOTOLAR | Reaksiya

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır - FOTOLAR

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider, əbədiyaşar Ali Baş Komandanımız Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi Azərbaycan Ordusunda da geniş qeyd edilir. Ordumuzun şəxsi heyəti Ulu Öndərin 95 illik yubileyini döyüş və mənəvi-psixoloji hazırlıqda, təlimlərdə qazanılmış uğur və nailiyyətlərlə qarşılayır. Keçirilən silsilə tədbirlərdə şəxsi heyət Heydər Əliyev ideyalarına bundan sonra da sadiq olacağını qəti şəkildə bildirir.

Bu fikirlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 3-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Ruhu zəfərlərə çağırır bizi” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani xalqımızın ümummilli lideri Heydər Əliyevin Vətənə, xalqa həsr olunan və hər kəsə örnək olan ömür yolundan danışaraq diqqətə çatdırıb ki, dahi rəhbər XX əsrin sonlarında - XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olub. Onun dünya siyasəti xəzinəsinə daxil olmuş nəhəng fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində mühüm rol oynayıb. Bu gün də Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Azərbaycanı dünyaya tanıdan, dünyada ən böyük azərbaycanlı kimi tanınan Ulu Öndərimizin xatirəsi daim ürəklərdə yaşayır. Azərbaycan əsgəri unudulmaz dahi liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda yeni-yeni zirvələr fəth etməkdə, Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazmaqdadır.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun Heydər Əliyev haqqında xatirələri tədbir iştirakçılarında böyük maraq oyadıb. E.İbrahimov vurğulayıb ki, 1969-1982-ci illərdə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və gələcəyi öncədən görmək məharəti sayəsində respublikamız sürətli inkişaf yolu qət edib, keçmiş ittifaqın qabaqcıl respublikaları sırasına çıxıb. Bu illər tarixə xalqımızın siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqımızın milli mənlik şüurunun oyanışına təkan verib. Həmin dövrdə imperiyanın tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin yaranıb və möhkəm bünövrə qoyulub.

Komitə sədri tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycanın “olum ya ölüm” ayrıcında qaldığı, xalqımızın müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşdiyi 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib, milli qurtuluş günü kimi tarixə yazılıb. Müasir mütəşəkkil Azərbaycan Ordusunun yaranması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.

Milli Məclisin deputatı, professor Elman Nəsirov çıxış edərək Heydər Əliyevin siyasətinin bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Deputat əmin olduğunu bildirib ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Aprel zəfərini təkrarlamağa, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazırdır.

Azərbaycanın Milli Qəhrəmanı, birlik komandiri, general-leytenant Rövşən Əkbərov qonaqlara təşəkkür edərək, məzunu olduğu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Azərbaycanda ordu quruculuğunda müstəsna xidmətlərindən danışıb. R.Əkbərov ulu öndər Heydər Əliyevin bu məktəbin yubileyində iştirak etməsinin ən xoş xatirə kimi daim xatırlandığını deyib. Qeyd edib ki, Ulu Öndər ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında olduğu kimi, ordu quruculuğu və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, hərbi peşələrə yiyələnməsi istiqamətində də tarixi xidmətlər göstərib. Bu gün Azərbaycan Ordusunun bütün qoşun növlərində, birlik və birləşmələrində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri olan minlərlə zabit Vətənə və dövlətə sədaqətlə xidmət edir, əsgəri borclarını şərəflə yerinə yetirir.

Rövşən Əkbərov Naxçıvanın müdafiəsində olarkən ümummilli lider Heydər Əliyev ilə görüşlərini xatırlayıb. Bildirib ki, əbədiyaşar liderimiz Heydər Əliyevin ruhu bu gün də bizi zəfərlərə çağırır və biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü təmin etməyə tam hazırıq.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, cəbhə bölgələrində müharibənin qızğın vaxtında Ulu Öndərin ön xəttə gəlib, şəxsi heyətlə görüşməsi, əsgər və zabitlərin problem və qayğıları ilə maraqlanması həmin dövrdə şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, bu gün də orduda xatırlanır. Ş.Ramaldanov Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad olunması uğrunda döyüşlərdə iştirakını, həmin vaxt Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin üzərində Ümummilli Liderin şəkilləri olan tanklarla hücuma keçməsini xatırladıb. Ş.Ramaldanov bu gün ehtiyatda olmasına baxmayaraq, bütün veteranların, qazilərin yenidən döyüşlərə atılmağa hazır olduqlarını deyib.
Sumqayıt hərbi prokuroru, ədliyyə polkovniki Zöhrab Kazımov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra vahid mərkəzdən idarə olunan nizami ordu yaranıb. Ordu quruculuğu prosesi bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün bütün hüquq mühafizə orqanları ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirirlər.

Tədbirə Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında ədəbi-musiqili xoreoqrafiq kompozisiya ilə yekun vurulub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər