DTX-nin Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 73-cü ildönümü qeyd olunub | Reaksiya

DTX-nin Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 73-cü ildönümü qeyd olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Milli qəhrəmanları, Böyük Vətən müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi, DTX-nin məsul əməkdaşları, Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə əklil qoyublar.

Akademiyanın akt zalında davam edən tədbir İkinci Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş Vətən övladlarının unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə iştirak edən, İkinci Dünya müharibəsində şücaət nümunələri göstərmiş veteranlara DTX-nin şəxsi heyəti adından qiymətli hədiyyələr və gül dəstələri təqdim olunub.

Veteranlar, Akademiyanın əməkdaşları çıxış edərək Azərbaycan xalqının qəhrəman oğul və qızlarının Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə fədakarlıqla, canları və qanları bahasına faşizm üzərində tarixi Qələbənin qazanılmasında göstərdikləri əzmkarlıq, igidlik və mərdlik nümunələri barədə kursantlara geniş məlumat veriblər.

Xüsusi qeyd olunub ki, Qələbəyə Bakı neftinin töhfəsi əvəzsiz olub. Müharibə illərində keçmiş Sovet İttifaqında hasil edilən neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Əgər Azərbaycan nefti olmasaydı, faşizmin hərbi təcavüzünün nə ilə bitəcəyini demək çətin olardı. Bütün bunlara görə bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə məhrumiyyətlərə sinə gərərək, fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.

Təəssüf ki, 1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olan ovaxtkı səriştəsiz və naşı şəxslər tərəfindən xalqımızın bəşəriyyət tarixində ən qanlı cahan savaşında bu möhtəşəm Qələbənin qazanılmasında, alman faşizminin yer üzündən silinməsindəki ölçüyəgəlməz və misilsiz rolunun unutdurulması kimi aciz cəhdlər olub. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 9 May – Qələbə Günü rəsmi dövlət bayramı səviyyəsində yenidən qeyd edilməyə başlanıb. Müstəqil Azərbaycanın banisi Ulu Öndər veteranlara hər zaman böyük diqqət və qayğı göstərib, bu cəsur insanların öz həyatları bahasına faşizmin məhv edilməsinə verdikləri əvəzsiz töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın Milli qəhrəmanları, veteranlar və digər natiqlər çıxışlarında xüsusi qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik xəttinin layiqli davamçısı Prezident İlham Əliyev şanlı tarixi irs-varislik ənənələrinin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə xüsusi önəm verir. Bu baxımdan Böyük Vətən müharibəsinin veteranlarına, ümumilikdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda qəhrəmanlıq və şücaət nümunələri ilə hərb tariximizin şanlı səhifələrini şərəflə yazmış vətəndaşlarımıza göstərilən hərtərəfli diqqət və qayğı, bu sahədə imzalanmış müvafiq sərəncamlar Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uzaqgörən və düşünülmüş siyasətin prioritet istiqamətlərindəndir.

Hər il 9 May - Qələbə Günü ilə bağlı keçirilən tədbirlərdə dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən iştirak etmələri və veteranlarla səmimi görüşləri, bu insanlara münasibətin əyani və bariz nümunəsidir. Doxsan altı yaşlı Fatma Səttarova göstərilən diqqət və qayğıya görə bütün müharibə veteranları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Çıxış edən natiqlər əminliklə qeyd ediblər ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti ilə tezliklə düşmən tapdağı altındakı torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın dövlət bayrağı Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq və xalqımız Şuşada qələbə bayramını qeyd edəcək.

Sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul nümayəndəsi Akademiyanın zabit və kursantlarına təlim-tədrisdə əldə etdikləri nailiyyətlərə görə təşkilatın sədrinin imzası ilə fəxri fərmanlar verib.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilib. DTX-nin Mədəniyyət Mərkəzinin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcı kollektivləri tərəfindən yüksək səviyyədə hazırlanmış konsertdə respublikanın Əməkdar artistlərinin, tanınmış incəsənət ustalarının ifasında dövlətçiliyi, müstəqilliyi və vətənpərvərliyi tərənnüm edən mahnılar, rəqslər və musiqili improvizasiyalar veteranlarımızda, tədbir iştirakçılarında xoş təəssürat yaradaraq alqışlarla qarşılanıb.(azərtac)

Reaksiya.az

Advertisement Banner

Şərhlər