Bakıda sevgilisi tərəfindən iki rəfiqəsi bıçaqlanan qadın yoxa çıxıb - FOTOLAR

Bakıda liftdə iki qadına hücum etməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilir. İş üzrə əsas şahid Bakıda "yoxa çıxıb".

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında iş üzrə şahid qismində yalnız bir nəfərin dindirilmədiyi məlum olub.

O, əsas şahid Elyanora Osmanovadır. Amma maraqlı olan budur ki, Elyanora Osmanova hadisə günü Şəhriyar Əlizadə ilə birlikdə saxlanılmışdı. Hətta rəsmi məlumatda hər iki şəxsin birlikdə fotosu da yer almışdı. O, şübhəli, hətta təqsirləndirilən şəxs kimi də təqdim edilirdi.

Amma məhkəmə istintaqı dövründə hadisənin ilginc məqamları üzə çıxdı. Məhkəmədə məlum oldu ki, E.Osmanova bu işdə təqsirləndirilən şəxs qismində iştirak etmir. Belə ki, E.Osmanova növbəti iclaslarda şahid qismində dindiriləcəkdi. Amma onun tapılması və məhkəməyə gətirilməsi hələlik mümkün olmayıb. Məhkəmə prosesi bir neçə aydır davam edir.

Bildirək ki, rəsmi məlumata görə, Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarətləri yetiriblər.

Hadisə barədə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb.

Məhkəmə iclasında Ş.Əlizadə özünü təqsirli bilməyib. O, Elyanora ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Ş.Əlizadə söyləyib ki, işdə zərərçəkmiş qadınlar Elyanoranın rəfiqələridir və hazırda da eyni barda işləyirlər.

Təqsirləndirilən şəxs iddia edib ki, liftdə adıçəkilən qadınlara hücum etməsi ittihamı doğru deyil. Onun dediyinə görə, "20 Yanvar" metrostansiyası yaxınlığında kafe açmağı planlaşdırıb. Açılış edəcəyi gün polis əməkdaşları ona yaxınlaşıblar və polis bölməsinə dəvət ediblər. Ş.Əlizadə bildirib ki, polis bölməsində ona qarşı ittiham irəli sürülüb.

Məhkəmə bunu Ş.Əlizadənin özünün müdafiəsi kimi qiymətləndirib.

İttihamda yazılıb ki, Ş.Əlizadənin yaxın münasibətdə olduğu Elyanoranın bıçaqlanan şəxslərlə telefon üstündə mübahisəsi olub. Bu mübahisəni həll etmək, sevdiyi qadının telefonunu geri almaq istəyən Şəhriyar onları bıçaqla vurub.

Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Amma sonra bu maddə Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib.

Məhkəmədə Vüsalə Saramanova və Elnarə Mikayılova da ifadə verib. Onlar isə hadisənin baş vermə səbəbini başqa cür nəql ediblər.

Deyiblər ki, rəfiqələri Elyanora onlardan borca pul istəyib, amma verməyiblər. Vüsalə Saramanova bildirib ki, Elyanora onda pulun olduğunu bilib və görüb. Onun sözlərinə görə, Şəhriyar Əlizadə liftdə onların qarşısını kəsərək pulu və evin açarını istəyib. Onlar ciblərindəki pulu və açarı versələr də Ş.Əlizadə onları bıçaqlayıb.

Ş.Əlizadə isə özünü təqsirli bilmir və qeyd edilən cinayət əməlini törətmədiyini söyləyir.

Əgər barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılan Elyanora tapılsa, növbəti məhkəmə iclası iyunun 12-də davam etdiriləcək.
Advertisement Banner

Şərhlər