Tovuzda leysan: evlər, maşınlar su altında qaldı | Reaksiya

Tovuzda leysan: evlər, maşınlar su altında qaldı

Bu gün səhər saatlarında Tovuza yağan şiddətli yağış ciddi fəsadlar törədib.

Reaksiya.az xəbər verir ki, güclü yağış nəticəsində yolları su basıb. Xüsusilə dəmir yolu keçidi tamamilə dolub və maşınların hərəkəti tam dayanıb. “Mersedes” markalı bir maşın isə keçiddə suyun altında qalıb.

Yerli sakinlərin sözlərinə görə, onlarla evi su basıb, rayona elektrik enerjisinin verilməsi dayanıb.

***

Artıq Tovuz rayonuna yağan leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılmasına başlanılıb.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, güclü leysan nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə su dolub və hazırda həmin vətəndaşların evində suçəkmə işləri sona çatmaq üzrədir.

"Şəhərin dəmiryolu vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidinə və şəhərin mərkəzindəki yeraltı avtomobil keçidinə sel suları dolub. Hazırda hər iki keçiddə sular nasoslar vasitəsilə çəkilir. Yeraltı yol ötürücüsündə qalan vətəndaşa məxsus avtomobil isə artıq oradan çıxarılıb. Avtomobillər alternativ yollardan istifadə edir və ciddi tıxaclar yaranmayıb. Yağıntı səbəbindən rayon mərkəzinə yaxın yerləşən 2 kəndin taxıl sahələrində bitkinin yatması baş verib, lakin ciddi ziyan dəyməyib. Rayonun digər kəndlərində isə fəsadlar baş verməyib. Şəhər mərkəzində bir istiqamətdə dayandırılmış elektrik enerjisinin verilməsi istiqamətində də işlər aparılır", - deyə icra rəsmisi əlavə edib.

 

 

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər