"Çapa-çapa" Belçikaya - Qarabağ atı

"Zaman" atım, aman atım!
Keçmişimdən bu günümə amanatım!
 
B.Vahabzadə
 
1956-cı ildə İngiltərəyə səfər edən SSRİ-nin o zamankı rəhbəri N.Xruşov İngiltərə kraliçası II Elizabetə "Zaman" adlı Qarabağ atı da hədiyyə edir. Məlum olduğu kimi, İngiltərə atları bütün Avropada ən öyünülə biləcək atlar hesab edilir və belə məşhur atları olan ölkənin kraliçasına Qarabağ atı aparmaq böyük önəm, məna daşıyırdı. Mənə görə bu həm də o demək idi ki, bizim sovet atları (Azərbaycan da o zamanlar sovetlərin daxilində olduğu üçün) heç də İngiltərə atlarından geri qalmır. Təkcə bu fakt Qarabağ atının dəyərini vermək üçün kifayət edər. Ancaq "Zaman" adlı Qarabağ atı orda xəstələnir və həkimlər deyirlər ki, at vətən həsrəti çəkir, başqa bir şeyi yoxdur və vətən həsrətindən də Qarabağ atı ölür. B.Vahabzadə bu münasibətlə "Qarabağ atı" şerini yazır.
 
 
Növbəti dəfə Qarabağ atı Avropaya ötən il, 2017-ci ildə "çapdı" və bu dəfə Belçikaya. Sözügedən ölkənin Ham bələdiyyəsinin önündə Qarabağ atına abidə ucaldılıb. Abidə "Azərbaycan-Belçika Dostluq Cəmiyyəti"nin, cəmiyyətin sədri Ayhan Dəmirçinin yerli bələdiyyə ilə uzun sürən danışıqlarının, gərgin işinin nəticəsində qoyulub. Ayhan Dəmirçi 1960-cı ildə Türkiyənin İğdır vilayətində anadan olub. Əslən Qərbi Azərbaycandan, Dəmirçilər kəndindəndir. 1980-ci ildən Belçikada yaşayır. Özünü biləndən bəri Azərbaycan üçün əlindən gələni əsirgəməyən Ayhan bəy soydaşları ilə müxtəlif təşkilatlar yaratmış və 1982-2001-ci illərdə onlarla birlikdə fəaliyyət göstərmişdir. 2001-ci ildə "Azərbaycan-Belçika Dostluq Cəmiyyəti"ni təsis edib və ona sədrlik etməkdədir.
Ayhan bəy abidənin ərsəyə gəlməsindən danışarkən, bu işdə Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin və Azərbaycan Atçılıq Federasiyasının dəstəklərini xüsusi qeyd etdi. Bu günlərdə Belçikada, Ham şəhərində Ayhan bəyin qonağı idim. Birlikdə "Qarabağ atı" abidəsini ziyarət etdik. Abidənin Ham bələdiyyəsinin düz qarşısında olması məni həqiqətən sevindirdi. Abidənin burda olması o anlama gəlir ki, bələdiyyə ərazisində yaşayan, bura gələn turistlər mütləq bu abidəni görürlər. Avropalıların məlumat almağa nə qədər maraqlı olduğunu bilənlər, təxmin edərlər ki, abidəni burda görənlərin əksəriyyəti mütləq Qarabağ atının tarixi ilə maraqlanacaq və bunun nə anlama gəlməsini isə siz dəyərli oxuculara izah etməyə ehtiyac görmürəm. Digər tərəfdən, abidənin məhz belə mərkəzi yerdə ucaldılması həm də "Azərbaycan-Belçika Dostluq Cəmiyyəti"nin, cəmiyyətin sədri Ayhan bəyin ordakı nüfuzunun göstəricisidir. Bunu Ayhan bəyə deyəndə isə əsl köhnə kişilər kimi üzünə bir qızartı çökür, "Bu, bələdiyyədəki məsul şəxslərin humanistliyindəndir, Vüqar bəy" deyir, təvazökarcasına. Bəli, Ayhan bəy həqiqətən çox təvazökar, mərd bir insandır. 2014-cü ildə "Ədalət" qəzetində Ayhan bəylə bağlı "Azərbaycan sevdalısı" adlı yazım çıxmışdı və o yazımda da onun nə qədər təvazökar olduğunu yazmışdım. O zaman (bilə-bilə ki, bizlər, yəni Azərbaycan köçərək Avropada yaşayanlar, Avropaya (və dünyanın başqa ölkələrinə) gəlməmiş, İğdırdan, Cənubi Azərbaycandan olan soydaşlarımız Azərbaycan bayrağını Avropada dalğalandırıb, Azərbaycan üçün böyük işlər görüblər və görməkdədirlər) demişdim: "Ayhan bəy, sizlər Azərbaycanda dünyaya göz açmamısınız, ancaq Azərbaycan üçün bu qədər işlər görürsünüz. Bu sevgi hardandır belə?" Ayhan bəy cavabında: "Bunun "sizi," "bizi" olurmu, Vüqar bəy? O zaman bir-birimizdən uzaqlaşmış olarıq. Azərbaycan hamımızındır, bizim etdiklərimiz isə etməli olduqlarımızın yanında bir heçdir" - demişdi. Bəli, Ayhan bəy və rəhbərlik etdiyi təşkilat bu günə qədər Azərbaycanımız üçün çox işlər görüb. Bu barədə mətbuatımızda çoxsaylı yazılar da verilib, maraqlansanız internetdə axtarış edib oxuya bilərsiniz. Qarabağ atı abidəsi də o işlərdən biridir. 
 
 
 
Bəzən mənə elə gəlir ki, əgər belə bir abidə düşmənlərimiz, yəni erməni diasporunun cəhdi ilə qoyulsaydı, biz ona daha çox diqqət göstərərdik, təbii ki, mənfi mənada. Nədənsə mənə elə gəlir ki, Qarabağ atının Belçikaya "çapması"nı çoxlarımız bilmirik, ancaq hamımızın bilməyimiz lazımdır. Ona görə yox ki, Avropada və dünyanın başqa yerlərində görülən işlərə görə kimsə öyünmək istəyir. Ona görə ki, sizlər, Azərbaycanda yaşayan dəyərli soydaşlarımız biləsiniz ki, Azərbaycandan kənarda yaşayan insanların əksəriyyətinin ürəyi Azərbaycanla döyünür, harda və nə vaxt dünyaya göz açmasından aslı olmayaraq. Ona görə ki, biləsiniz ki, bizlər sizlərdənik, sizlərdən də bizlərdən, heç bir fərqimiz yoxdur. Biləsiniz ki, xaricdə sözün həqiqi mənasında, Azərbaycanla nəfəs alan soydaşlarınız var.
Ümid edirəm ki, Belçikanın Ham şəhərində ucaldılmış "Qarabağ atı" abidəsi, bu anlamlı abidə uzun illər orda qalacaq. Onun taleyi "Zaman" atın taleyi kimi olmayacaq. Bu abidə qürbət acısından "ölməyəcək." Ən azından ona görə ki, indi orda abidəyə diqqət göstərən insanlar, başda Ayhan bəy və ailə üzvləri olmaqla, var.
İnanıram ki, nə zamansa abidənin üzərində yazılmış "Qarabağ atı", "Azərbaycan" sözlərini oxuyan avropalılar Qarabağ atını yerindəcə görmək üçün işğaldan azad olunacaq Ağdamımıza, Şuşamıza, Qarabağımıza gələ biləcəklər.
 
Advertisement Banner

Şərhlər