Qalmaqallı kosmetoloqun daha bir qurbanı

Elnarə Rzayevanın  törətdiyi əməllərlə bağlı suallar açıq qalıb

Son vaxtlar özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artmağa başlayıb. Bu günə qədər çoxlu sayda pasient, o cümlədən model Esmira Yusifova, Xalidə Qasımova, E.M-ova mətbuata müraciət edərək onun prosedurlarından şikayət edib, dodaqlarında, üzlərində yaralar əmələ gəldiyini bildiriblər.

Bununla bağlı mətbuatda dəhşət doğuran fotolar da yayılıb. Bəzi pasientlər hətta kosmetoloq tərəfindən döyüldüyünü bu səbəbdən məhkəməyə müraciət etdiklərini qeyd edib. Lakin hər dəfə Elnarə Rzayeva bütün bunların onun həmkarları tərəfindən hazırlanan “qara piar” olduğunu, şikayətçiləri tanımadığını bildirib. Beləliklə,  kosmetoloqun törətdiyi əməllərlə bağlı suallar bu günə qədər açıq qalıb.

Ötən gün isə kosmetoloqun daha bir qurbanı ortaya çıxdı. Səlmi Əhmədova adlı pasient axşam.az saytına şikayət edərək bildirib ki, dodağındakı biopolimeri (gel) əritmək üçün Elnarə Rzayevaya müraciət edib və həyatının şokunu yaşayıb. Belə ki, S.Əhmədovanın sözlərinə görə, prosedurlar etmək üçün kosmetoloqa 800 manat ödəyib, ona iynə vurulub. Lakin dodağındakı gel ərimək əvəzinə, yerində dəhşətli yaralar əmələ gəlib: “Dodağım əvvəlcə yara oldu, pis günə qaldı. Yara gedəndən sonra isə şişib daha da böyüyüb. Düz bir il 20 gündür əməliyyatın üstündən keçir. Hər gün Elnarənin yanına getsəm də, məni yola verirdi. Deyirdi ki, get, sabah gələrsən. Nəhayət, bu gün onunla üzbəüz görüşdüm. Elədiyini boynuna almadı. Dedi, daha sənə heç cürə kömək edə bilmərəm, get, kimə şikayət edirsən et, heç kimdən qorxmuram”.

Elnarə Rzayeva ile ilgili görsel sonucu

Məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı Elnarə Rzayevanın mövqeyini öyrənməyə çalışıb. Kosmetoloq adəti üzrə bu dəfə də həmin şikayətçini tanmadığını deyib: “Mən elə bir insan tanımıram. Ümumiyyətlə, şikayətçilərin heç birini tanımıram, hər birini də məhkəməyə vermişəm. Məhkəmə sonda öz qərarını verəcək”.

Kosmetoloq Səhiyyə Nazirliyinin mətbuatda yayılan açıqlamasına da şərh bildirib. Belə ki, nazirlik vəkil sorğusuna cavab verərkən bildirib ki, Elnarə Rzayevanın tibbi və əczaçılıqla ilə bağlı lisenziyası yoxdur. Qeyd olunub ki, Elnarə Rzayeva adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti daxil olmayıb. Elnarə Rzayeva isə deyib ki, mərkəzin lisenziyası var.

Onu da əlavə edək ki, Elnarə Rzayeva bu günlərdə özünə yaxın bir neçə jurnalist və həmkarları ilə birgə mətbuat konfransı keçirib. Həmin konfransa aparıcı media qurumları dəvət olunmadığından barəsində səslənən ittihamlar yenidən açıq qalıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər