“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı keçirilib

22.06.2018 15:33     Sosreaksiya     848

22 iyun 2018-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının müəllifi olduğu “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov, Azərbaycan Respublikasının Prezidenti Adminstrasiyasının İctimai - siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “İki Sahil” qəzetinin baş redaktoru, millət vəkili Vüqar Rəhimzadə, AMEA-nın müxbir üzvi, millət vəkili Musa Qasımlı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Ehtiyatda olan Zabitlər Konfederasiyası”nın sədri ehtiyatda olan general – mayor Məmmədhüseyn Sarıyev, “Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Respublika Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “20 Yanvar Fondu”nun sədri Maral Zamanova, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Lent.az saytının direktoru Qabil Abbasoğlu, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərova, Ordunun Dostları Mətbuat Klubunun icraçı direktoru Seyfəddin Hüseynli və digər QHT, KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabında Cümhuriyyət dövrünün araşdırılmamış tarixinin tədqiq edildiyini bildirib.   

Kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ölkəmizdə səfərbərlik və hərbi xidmətə çağırış işinin ilk dəfə  Birinci Respublika dövründə sistemləşdirildiyini, bu sahənin tənzimlənməsi üçün xüsusi qurumun yaradıldığını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, tarix elmlərİ doktoru, millət vəkili Musa Qasımlı çıxışında bildirib ki, çarizm dövründə azərbaycanlılar orduya məqsədli şəkildə cəlb edilməsələr də Xalq Cümhuriyyəti hökuməti nizami ordu yaratmağa nail oldu. M.Qasımlı səfərbərlik və hərbi xidmətə çağırış sahəsində qurumun məhz Xalq Cümhuriyyəti dövründə yaradılmasının o dövr üçün mühüm nailiyyət olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti Adminstrasiyasının İctimai - siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxışında Azərbaycan Xalq Cümhuriyyət dövründə milli ordu quruculuğu prosesinin geniş vüsət aldığını qeyd edib. V.Əliyev bu prosesin bugün də uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general – leytenant Arzu Rəhimov çıxışında Cümhuriyyət tarixinə dövlət səviyyəsində yüksək əhəmiyyət verildiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ötən ilin mayında imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq, Cümhuriyyətin yaranmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilir. Eyni zamanda, ölkə başçısı tərəfindən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur. Cənab Prezidentin bu sərəncamları ictimaiyyət tərəfindən ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirilir”.

Dövlətçilik tariximizdə Xalq Cümhuriyyətinin şərəfli yer tutduğunu vurğulayan A.Rəhimov həmin dövrdə ordu quruculuğu prosesinin tərkib hissəsi olan səfərbərlik və hərbi xidmətə çağırış sahəsində də mühüm işlərin görüldüyünü qeyd edib: “Əsası məhz Xalq Cümhuriyyəti dövründə qoyulan hərbi çağırış və səfərbərlik  sistemi də ötən 100 ildə şərəfli yol keçərək bu günümüzə gəlib çatmışdır. Xalq Cümhuriyyəti dövründə qısa müddətdə vətəndaşların orduya çağırışı, vətənin müdafiəsinə səfərbər olunması istiqamətində müvafiq addımlar atılmış, öz dövrünə görə yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr yaradılmışdır. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunmağa başladılar. Daha sonra 1894-95 illərdə doğulmuş və islam dininə mənsub gənclərin xidmətə çağırılması barədə qərar qəbul edilmişdir. Hökumətin 55 saylı qərarı ilə Yelizavetpol əxzi-əsgər (hərbi çağırış) idarəsi Azərbaycan Əxzi-əsgər idarəsi adlandırılmış və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cəmləşdirilmişdir”.

Tədbirdə “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının müəllifi Akif Aşırlı, Ordunun Dostları Mətbuat Klubunun icraçı direktoru Seyfəddin Hüseynli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi diplomu ilə təltif ediliblər.

Reaksiya.az

Şərhlər