Metro yay rejiminə keçir: qatarlar azaldı

29.06.2018 12:36     Sosreaksiya     791

İyul ayının 1-dən Metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.

Bakı Metropoliteni QSC-dən Reaksiya.az-a verilən məlumata görə, yay qrafikinə uyğun olaraq, xəttə əvvəlkinə nisbətən daha az qatar buraxılacaq. Bu da qatarlararası intervalların cüzi artmasına səbəb olacaq. Yəni, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı fasilə, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq. Sərnişinlərin az olduğu səhər və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət təşkil ediləcək.

“28 May” stansiyasında yol, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru olmaqla, 2 istiqamətə ayrıldığına görə həmin istiqamətlərdə qatarlararası intervallar iki dəfə böyüməklə, gur vaxtlarında 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədədir.

Reaksiya.az

Şərhlər