İsti havada Bakı-Sumqayıt yolundakı təmir dayandırılacaq

29.06.2018 13:27     Sosreaksiya     688

Havanın temperaturu 42 dərəcəni keçəcəyi halda Bakı-Sumqayıt yolunda aparılan təmir işləri dayandırılacaq.

Bu sözləri Reaksiya.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli 26 iyundan start verilən və dayanmadan davam etdirilən Bakı-Sumqayıt yolunun təmir işləri ilə əlaqədar danışarkən deyib.

A.Nəcəfli bildirib ki, işlər açıq havada aparıldığı üçün temperatur nəzərə alınır və buna əsasən iş aparılır:

“Bakıda temperaturun 38-39 dərəcə olduğu bildirilib. 41-42 dərəcəni keçəcəyi təqdirdə işlər dayandırılacaq”.

Qeyd edək ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Reaksiya.az

Şərhlər