İsti havada bunu edənlər 2 min manat CƏRİMƏ OLUNACAQ

02.07.2018 14:20     Sosreaksiya     900

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən işəgötürənlərin zəruri tədbirlər görməsini tapşırıb".

Bu barədə Reaksiya.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O bildirib ki, isti hava şəraitində insanların həyatını təhlükəyə atan işəgötürənlər 1000-2000 manat arası cərimə ödəməli olacaqlar:

"Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Əgər hər hansı bir işçi tərəfindən işəgötürənlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət xarakterli məlumat daxil olarsa, bu barədə tərəfimizdən araşdırma başladılacaq. Araşdırmanın nəticəsi isə qanunvericiliyə uyğun olaraq dəyərləndiriləcək".

F.Talıblı qeyd edib ki, bu günə qədər heç bir şikayət xarakterli müraciət daxil olmayıb:

"Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən maarifləndirmə işləri aparılıb. İşəgötürənlər və işçilər zəruri informasiyalarla təmin edilib. Onlar öz hüquqlarını bilirlər. Havanın temperaturunun 41 dərəcə selsidən yuxarı olduğu zaman, xüsusilə də açıq havada parılan bütün işlər dayandırılmalıdır".

Reaksiya.az

Şərhlər