Leyla Əliyevanın doğum günüdür

Bu gün ictimai xadim, “Baku” jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, Leyla Əliyeva Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olub.

1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.

30 aprel 2006-cı ildə “Crocus Group” kampaniyasının vitse-prezidenti və musiqiçi Emin Ağalarovla ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. 

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Həmin ilin dekabrında Rusiyada “Baku” jurnalını təsis edib və jurnalın baş redaktoru olub. 

8 may 2008-ci ildə “Xocalıya ədalət!” kampaniyasını başladıb. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır. 

2009-cu ildə Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.

2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyul ayında Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə prezident İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə, 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə, 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə mükafatlandırılıb. 

2013-cü ildə 3-cü dərəcəli “Müqəddəs mələksima knyaqina Olqa” ordeni ilə, 2013-cü ildə “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə”, 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 

30 may 2015-ci ildə Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan ediblər. 

Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı, şeirlər də yazır. Leyla Əliyevanın öz babası Heydər Əliyevə həsr etdiyi “Elegiya” şeiri orta məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə salınıb.

Leyla Əliyevanın Əli və Mikayıl adlı oğulları, Əminə (övladlığa götürülüb) adlı qızı var.

Reaksiya.az

Advertisement Banner

Şərhlər