Vətən parçası... - FOTOLAR

14.07.2018 15:47     Sosreaksiya     1036

Nurlan Şəmkirin aprel döyüşlərinin ilk şəhid qəhrəmanı və doğulub  böyüdüyü kəndin sonuncu şəhididir.  Buna  görə də, Nurlanın ailəsinin yaşadığı mərkəzi küçəyə Şəhidlər adı verilib.
Və Nurlan Şəhiddir... eldən obadan, torpaqdan, vətəndən ötrü can verəndir...
Aprel şəhidlərimizin ailəsində dəfələrlə olmuşam, dostlaşmışam, doğmalaşmışam, səmimiləşmişəm... Acılarını, qürurlarını, xiffətlərini, qəhərlərini paylaşmışam, ən azı buna çalışmışam.... Niyə bunları qeyd edirəm, çünki insanlığın duyğuları korşalıb, kədərləri adiləşib, dəyərləri aşınıb... Ölüm labüddür, həyat dövridir və bu amansız çarx səninlə ya sənsiz fırlanmaqda davam edir, bəzən səni ucaldır, bəzən isə sadəcə sıradan çıxarır...insan həyatın çarxında insanlıqla ucalır, dəyərlərlə qatılaşır və forma alır... əbədiyyətə gedən yol isə insanlığın sevgi cığırlarından formalaşır...
Nurlan tək vətəni qoruyaraq şəhid olmayıb, Nurlan həm də sevginin və dəyərlərin şəhididir... dövlətin, vətənin, torpağın, xalqın, elin obanın, milli kmliyimizin və bizim... bu torpağa  sevgiylə qəhrəmanlığı və fədakarlığı ilə ona dəyər qatanların...
Bilirəm, bəziləri düşünür, niyə məhz şəhidlərdən yazıram... Çünki qəlbimin dərinliklərində onların nə hiss etdiklərini anlaya bilirəm, çünki kədər qonşusu, qəm dostuyam və istəyirəm insanlar və cəmiyyət bu böyük fədakarlığı görsün və duysun... Acılar paylaşdıqca azalır, həfifləşir və bilirsən ki,  sən tək deyilsən...
Tək deyilsən, çünki Yaradan var, sənlə, sənə qəlbindən daha yaxın... Bəndəsinə güc və səbr verən, olmazlarla, möcüzələrlə sevindirən, kədərlərin qapısından sevinc işığıyla ömür otağını nura boyayan ilahi qüvvə var... Niyə əminliklə yazıram, çünki bu kədərin arxasından, qaranlığın  gecə pərdəsindən Yaradanın günəşi öz al şəfəqləri ilə Cəmil qardaşın da ailəsinə nur salıb... Fidan gəlib dünyaya, az da olsa Nurlanın acısını unutdurmağa, həyatın anlaşılmaz sirrli möcüzəsini aydınlatmağa gəlib. Fidan Nurlandan sonra sonsuz təbəssümlərin, yeni ümidlərin, böyük arzuların qaynağı olub...  
Zamanında isə xiffətdən doğulan sevincin taleyin hökmü, Tanrının qərarı olduğundan xəbərsiz bir ömür yolu vardı bu dünyada, yarımçıq qalacağını və başqa həyatlara yön verəcəyini bilmədən....
Bəzən yalnız qalırsan, ancaq torpaq, səma və havayla təmaslaşırsan, o zaman hardan gəldiyini,  kim olduğunu və qocaman dünyada missiyanın nə olduğunu qəlbinlə hiss edirsən, anlayırsan...Kiməm mən? Əslində Vətəndən bir parça, Tanrıdan bir zərrə... Nurlan da bir zərrəydi, amma artıq Tanrıyla bütünləşmiş, Vətənlə bütövləşmiş...
Əlini yerə qoyub, qəlbini dinləməyə məcbur edəndə, sanki tarixin səhifələrində zaman zaman tar-mar olmuş, ağri acidan, qandan yoğrulmuş, xəyanətlərdən yorulmuş, neçə igidlərin canını ana tək bağrına basıb cismini özünə gömərək ruhunu Yaradana təslim edən, məzarın özü tək soyuq olan torpağın acısını duymamaq olarmı,  duyub da duyarsız qalmaq olarmı? Onu xəyanətkarlara məkan, məkrli niyyətlərə qurban vermək və qəhrəman oğulları vətənin qəhərdən nəm çəkən köksünə gömmək olarmı?
Varmı torpağın gücü? Bəziləri deyir Vətən yaşadığın torpaqdır, fərqi yoxdur, dünyaynın  harasındasan...
Mənsə düşünürəm ki, şəhidliyə gedən yolda cəsarət və güc yalnız onundur. Onun ruhuyla birləşəndə, enerjisiylə bütünləşəndə,  varlığınla bir parçası olduğunu anlayanda bilirsən ki, bu sənin torpağındı, sənin vətənindi və ondan bir parça düşmənə vermək sənə haramdır, ziyandır...
Nurlan bütünləşmişdi, torpaqla, havayla, səmayla, parçası olduğu kainatın yaşam və qalım fəlsəfəsini həyatın özündən mürəkkəb olsa belə anlamışdı və Vətən üçün vuruşmuşdu... Şəhid olmuşdu... Həyatda yaşamaq olar, amma var olmaq hər adamın qisməti  deyil. Nurlan  var olmuşdu, keçmişdə də, indi də, gələcəkdə də...
Torpağın nəfəsindən,  Tanrının hənirtisindən, Kainatın ruhundan Fidanın bədənində bu dünyaya yenidən doğulmuşdu...
Insanlar da, insanlıq da əbədidir... Onların ətaləti pozan, qaranlığı aydınlığa, nifrəti sevgiyə, şəri xeyirə çevirən yaşam gücü, həyat sevgisi və  dünyəviliyə olan ehtirası hər şeydən daha güclüdür... Və O, ən böyük gücdür...
Yetər ki, o qaynağı tapasan, Fidan kimi... Bəlkə də bu Tanrının, fərdiyyətə sevginin əbədiyyətə yol aça bilməyəcəyinin mesajıdır....Bilmirik, bəzən doğrudan da kim olduğumuzu bilmirik, bilməli olduğumuz isə tamdır, Vətənin parçası  və Yaradanın ruhundan zərrəcik olmaq ancaq torpağa qovuşanların Vətən və insanlıq naminə şəhidlik məqamının fəthindən, nəfsindən, nəfəsindən imtina etməklə əbədiyyətin zəfərində ölümün qələbəsinə məğlubiyyətdən keçir...

Şərhlər