Ermənilərin Bakıya gəlib-gəlməməsi məsələsi yenidən gündəmdə

27.07.2018 12:39     Sosreaksiya     687

Müğənni Zara ilə bağlı qalmaqal klassik sualı təzədən gündəmə gətirib; siyasilər “qızıl orta” haqda...

Artıq üçüncü ildir ki, Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunan festivalda tanınmış müğənnilər konsert verir. Bu dəfə onlar arasında erməni əsilli müğənni Zara Mqoyan da var. Z.Mqoyanın Bakıya gəlişi elan edildiyi gündən sosial şəbəkələrdə etirazlar başlayıb.

Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018" Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edilirdi. Sosial şəbəkələrdə də buna sərt şəkildə etiraz edənlər də vardı. Nəhayət, iyulun 25-də Zaranın adının siyahıdan çıxarıldığı, onun Bakıya gəlməyəcəyi açıqlansa da, sonradan məlum oldu ki, Zara Bakıya gəlir. Hətta Bakıdadır.

Qarabağ Azadlıq Təşkilatının bir qrup qadın üzvləri 26-29 iyulda Bakıda keçiriləcək “Jara-2018" festivalında erməni müğənnisi Zara Mqoyanın gəlişinə etirazlarını bildirmək üçün dünən Mədəniyyət Nazirliyinə gedib. Onlar nazir və yaxud səlahiyyətli nümayəndələrin biri ilə görüşmək istəyiblər. Lakin Səbayel rayonu polis əməkdaşlarının müdaxiləsi nəticəsində etirazçılara nazirliyə daxil olmağa imkan verməyiblər.

Qarabağ Azadlıq Təşkilatının Qadınlar Şurası bir daha bəyan edir ki, nə qədər ki, torpaqlarımız işğal altındadır, Xocalı soyqırımı öz ədalətli həllini tapmayanadək, kiçik Zəhraların qatilləri beynəlxalq tribunala verilməyənədək, hər hansı bir erməni əsillilərin Azərbaycana gəlişinə yol verilməməlidir.

Maraqlıdır, bu cür etirazlar, sosial şəbəkədəki söz-söhbətlər Qarabağ məsələlərində təbliğatımıza ziyan vurmur ki?

Deputat Zahid Oruc ile ilgili görsel sonucu

Deputat Zahid Oruca görə, situasiya bir parametr üzərində müəyyənləşdirilə bilməz: “Hər kəsin özünəməxsus həqiqətləri var. Bunu milli miqyasda ölçmək, onu vahid bir tabloya gətirmək o qədər də asan deyil. Əslində mən bunu bir matrisa tənlik sayardım. Müharibə aparmış ölkələrin əksəriyyətində dövlətlərarası münasibətlər belə bir fazadan keçib. Bir tərəfdən, işğal reallığı var, on minlərlə insan itirilib. Yaralar hələ istidir. Gerçək ağrıları daşıyan insanların sayı milyonlarladır. Belə olan təqdirdə hamını siyasətçi kimi düşünməyə vadar etmək çox çətindir. Siz çağırış edə bilərsiniz ki, bəli, biz dünyaya o mövqeni çıxartmaq istəyirik ki, ermənilər bizim vətəndaşlarımızdır və konstitusiyanı, qanunları tanıyanlar, ərazi bütövlüyümüzə hörmət göstərənlər təkrarən bizimlə eyni məkanda yaşaya biləcəklər. Hər erməni təhlükəlidir duyğusu ilə yaşamayın, Bakıya mahnı oxumağa, yaxud rinqə yarışmağa gələnləri qəbul edin. Bunlar əlində silah olan ermənilərdən fərqlidir və siz xalq diplomatiyasını bu vasitə ilə inkişaf etdirmiş olarsınız. Ermənilərin içərisində bu ideoloji yönü tutanlar var ki, azərbaycanlılar sizə düşməndir, orada yaşamaq sizə təhlükəli olacaq, bunların əlindən bu silahı alın, o təbliğat silahını onların əleyhinə çevirin. Bax, bu yöndə bir mövqe tutmağa çalışsaq, gətirdiyiniz arqumentlər sona qədər hər kəsi inandırmaq gücündə olmayacaq. Niyə? Çünki onlar əksini sübut eləmək üçün yüz illər ərzində keçən nümunələri təqdim edəcəklər. Axı qeyd etdiyiniz siyasət hələ bəhrə verməyib. Ayrı-ayrı hallarda istər əhali qrupları, ictimai birliklər, təşkilatlar, beyin mərkəzləri, siyasi institutlar, həmçinin dövlətin özünün də içərisində müəyyən qədər xətt həyata keçirilib ki, onlar müəyyən qədər barışa xidmət etsin, bir yandan düşmən erməniləri tərk-silah eləsin, daha sonrakı dövrdə yenə də sülhpərvər görünənlər də keçirlər təzədən səngərə. Bu məsələ çox çətindir. Mənəvi-psixoloji cəhətdən ağrılı işdir”.

AĞ Partiya sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, bu məsələlərdə dövlət özünün konkret siyasətini müəyyənləşdirməlidir:“Ya radikal mövqedə duraraq, insanların patriotik hissinə gediş edərək xalq bu məsələnin həllinə çalışmalıdır, ya da xalq diplomatiyanı davam etdirməlidir. Guya dünya birliyi qarşısında obraz yaradıb, o obraz cəhətdən Qarabağ məsələsini həll etməyə çalışırlar. Azərbaycanda bu məsələlər qarışıb bir-birinə. Məsələn, lazım olanda eyni hakimiyyət erməni əsilli siyasətçi olsun, ya mədəniyyət işçisi, lazım olanda bütün televiziyalar təbliğat aparır ki, bu erməni əsillidir və onun Bakıya gəlməyi vətənə xəyanətdir. Xocalı kimi bir çox faciələrimizi xatırladırlar. Amma sərf edəndə xalq diplomatiyasından, mədəniyyətin, idmanın siyasətdən üstdə durduğundan danışırlar. Ona görə də cəmiyyətdə belə qarışıqlıq yaranır. Hökumət öz xəttini bəlirləməlidir. Bu məsələdə müxalifətin mövqeyi birmənalıdır. Bizim qanımızı tökən xalqa, millətə qarşı heç bir tolerantlıqdan söhbət gedə bilməz. Müharibə şəraitində yaşadığın millətlə xalq diplomatiyası qura bilməzsən, qurmamalısan. İllər bunu sübut etdi ki, ermənilər bu diplomatiyadan anlamırlar. Zara olmasın, hansısa idmançı olsun, Azərbaycana gəlişinin əleyhinəyəm”.

Ləman MUSTAFAQIZI

Reaksiya.az

Şərhlər