Azərbaycanlı yazar Türkiyədəki QHT – nin İstanbul şöbəsinin sədr müavini seçildi

30.07.2018 12:04     Sosreaksiya     685

Azərbaycanlı yazar Oktay Hacımusalı Türkiyədə yaradılan Osmanlı Diriliş Xalq Hərəkatının İstanbul Avropa şöbəsinin sədr müavini seçilib. Bu barədə Reaksiya.az-a yazar özü məlumat verib. Yazar açıqlamasında bildirib ki, rəhbərliyə seçildiyi təşkilatın bütövlükdə 25 ölkədə nümayəndəliyi mövcuddur. Həmin ölkələrdəki qurumlarla da ciddi əlaqələrinin olduğunu bildirən yazar qeyd edib ki, təşkilat olaraq yaxın gələcəkdə regionda baş verən olaylara birbaşa reaksiya verəcəklər və bu prosesdə eyni zamanda Azərbaycanın haq səsinin dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməyəcəklər: “Faəliyyətimiz boyunca çalışacağıq ki, qlobal və regional proseslərlə bağlı mədəni - kütləvi tədbirlər keçirərək Türkiyə və dünya ictimaiyyətinin diqqətini bu məsələlərə yönəldək. Atacağımız hər addım şübhəsiz bizi daha hüzurlu, daha yaşanılabilən dünyaya bir az da yaxınlaşdıracaq. Biz dünyaya Türkün mədəniyyətini, Türkün mənəviyyatını təqdim etdikcə, o, fərqinə varacaq ki, heç kimə ikili standartlardan yanaşmaq olmaz. Dünya Türkdən ehtiyat edir, müəyyən qüvvələr İslamofobiyanı ciddi cəhdlə yaymağa çalışır. Bunun qarşısını almaq üçün Türk və İslam mədəniyyətini həm gənclərimizə təlqin etməyi, həm də bütün dünyaya təqdim etməyi düşünürük”.

Yazar təşkilatın Türk dünyası ilə bağlı xüsusi konsepsiyalarının da mövcud olduğunu sözlərinə əlavə edib. O, vurğulayıb ki, harda bir Türk varsa, Osmanlı Diriliş Xalq Hərəkatı onun səsinə çevriləcək: “O cümlədən Dağlıq Qarabağ problemini də diqqətdə saxlayacağıq. Bunun üçün silsilə tədbirlər həyata keçirəcəyik. Bu tədbirlərdə təşkilatımız İstanbuldakı əhaliyə Azərbaycanda baş verən hadisələrlə bağlı dolğun məlumat veriləcək. Ölkəmizdən dəvət edilən ekspertlərin də iştirak edəcəyi konfrans və simpoziumlarda biz çalışacağıq ki, qardaş ölkənin vətəndaşları və eyni zamanda kənardan gələn qonaqlar bu yöndə məlumatlandırılsınlar. Əminəm ki, bütün bu planlarımızı əzmlə həyata keçirəcəyik”.

 
 

Şərhlər

Çox oxunanlar