Bakıda tikintilərlə bağlı səlahiyyətlər mərkəzləşdirilir

03.08.2018 11:54     Sosreaksiya     746

“Dövlət komitəsi həm keyfiyyətə nəzarət, həm də tikintini istismara qəbul edəcək...”

Bakı şəhərindəki tikintilərə icazələrin verilməsi səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

Ölkə prezidentinin avqustun 1-də imzaladığı fərmanla BŞİH Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi bütünlüklə dövlət komitəsinin tabeliyinə keçib.

“Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

Sənəddə qeyd olunur ki, son illərdə ölkəmizdə şəhərsalma sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı iş aparılır, şəhərsalmanın nizamlı inkişafının və torpaqlardan ictimaiyyətin rifahına uyğun olaraq ədalətli istifadənin təmin edilməsinə, insan üçün əlverişli və sağlam ətraf mühitin yaradılmasına yönəlmiş sistemli və kompleks tədbirlər həyata keçirilir: “Əhalinin rifahının yüksəlməsi iqtisadiyyatın digər sahələri kimi, tikinti fəaliyyətinin də sürətli inkişafına rəvac vermişdir ki, bu da öz növbəsində şəhərsalma və tikinti sahəsində idarəetmə qarşısında müəyyən yeni çağırışlar və hədəflər formalaşdırır və onun təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görülməsini labüd edir”.

 

Fərmanla Nazirlər Kabinetinə  tikintiyə icazə verilməsi üçün müraciətə baxılarkən yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu yoxlanıldıqdan sonra tikintiyə icazə icraatı çərçivəsində həmin layihənin göstərilən məcəlləyə uyğun olaraq rəy bildirilməsi üçün tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan aidiyyəti qurumlara, texniki şərtlərin verilməsi üçün müvafiq qurumlara və həmin məcəllədə nəzərdə tutulmuş hallarda ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərilməsini, habelə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olmadığı halların tikintiyə icazə verilməsindən imtina üçün əsas olduğunu müəyyən edən normaların (mümkün sui-istifadə amillərinin aradan qaldırılması zərurəti də nəzərə alınmaqla) həmin Məcəlləyə əlavə edilməsini (layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə - həmin Məcəllənin 75.4-1-ci maddəsində göstərilən müddət çərçivəsində) nəzərdə tutan qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılır.

Qeyd edək ki, BŞİH-in saytında qeyd olunan məlumata görə, Nazirlər Kabinetinin sərəncamına əsasən Memarlıq və tikinti üzrə şöbə 1969-cu ildən Memarlıq və Şəhərsalma Baş İdarəsi kimi fəaliyyət göstərib. İdarənin yanında Bakı şəhər Reklam və İnformasiya İdarəsi və Şəhər ərazisinin tikinti-planlaşdırma idarələri də var. Məlumatda qeyd olunur:“Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərin planlaşdırılmasına və tikilməsinə rəhbərlik edir, şəhərin və şəhərətrafı zonanın baş planının həyata keçirilməsini, birinci növbədə tikintinin məqsədəuyğun və əlverişli yerləşdirilməsini, yeni yaşayış və sənaye rayonlarının planlaşdırılmasını və tikintisini, eləcə də əhalinin məişət, istirahət və əmək şəraitinin daha əlverişli şərtlərini təmin etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasını təmin edir. Memarlıq və Şəhərsalma Baş İdarəsi abidələrin mühafizəsi, bərpası və sonradan istifadə olunması işlərini istiqamətləndirir və onlara nəzarət edir. İdarə tikinti, yenidənqurma, bərpa, əsaslı təmir, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir”.

Prezident İlham Əliyev Nazirər Kabinetinin ile ilgili görsel sonucu

Xatırladaq ki, paytaxt ərazisində tikintilərin aparılması vəziyyəti ölkə başçısı tərəfindən ciddi tənqid olunub. Prezident İlham Əliyev Nazirər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı çıxışında qeyd etmişdi ki, paytaxtda “bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına”.

Çıxışı zamanı prezident həmçinin qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq: “Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ile ilgili görsel sonucu

Dövlət başçısının dediyinə görə, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir: “Binalar heç bir qaydaya riayət olunmadan bir-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”.

Göründüyü kimi, prezident tikinti ilə bağlı prosedurların Dövlət Şəhərsalma və Arxitektura Komitəsindəcəmləşdirilməsinə qərar verib. Bu isə bir çox hallarda qanunsuz tikintilərə icazə məsələsində yaranan qarışıqlığın aradan qalxması deməkdir: daha müxtəlif qurumlar məsuliyyəti bir-birinin üzərinə atmağa çalışmayacaqlar. Çünki bütün işlərə bir qurum məsul olacaq. Xüsusilə icra hakimiyyəti orqanlarının prosesdən kənarlaşdırılması icazələri verilməsi sahəsindəki pozuntuların kəskin şəkildə azalmasına gətirib çıxaracaq.

Qeyd edək ki, tikintiyə başlamaqla bağlı mövcud problemlər Azərbaycanın bir sıra nüfuzlu hesabatlarda mövqeyinə mənfi təsir edirdi. Belə ki, Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” reytinq hesabatında ölkəmizin mövqeyinin pisləşməsinin qeydə alındığı 3 sahədən biri məhz tikintiyə başlama göstəricisiydi. Bu göstərici üzrə Azərbaycan 190 ölkə arasında 161-ci yerdə qərarlaşıb.  Prezidentin son fərmanı həm də tikintiyə başlama sahəsində prosedurların sadələşməsi gətirib çıxaracaq.

Ä°lgili resim

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun “Yeni Müsavat”a dediyinə görə, prezidentin fərmanından sonra tikintinin memarlıq göstəricilərinə, Bakının baş planına, şəhərsalma normalarına uyğun aparılmasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cavabdeh olacaq: “Bundan əlavə, əvvəl başa çatan tikintiləri istismara Bakı Şəhər İcra Hakimiyyəti qəbul edirdi. İndi isə bu səlahiyyət komitəyə verilir. komitə həm keyfiyyətə nəzarət edəcək, həm də tikintini istismara qəbul edəcək”.

Mütəxəssisin fikrincə, tikintiyə icazələrin verilməsi, keyfiyyətə nəzarət və istismara qəbulun Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olacaq: “Komitədəkilər Mənzil İnşaatı Dövlət Agentliyindən gedənlərdir. Onlar Yeni Yasamalda standartlara uyğun şəhərcik tikiblər. Əminəm ki, bu yüksək standartları onlar komitədəki işlərində də tətbiq edəcəklər. Bundan əlavə, tikintiyə icazələrin verilməsi məsələsində də komitənin qanunvericiliyin tələblərinə əməl edəcəyini düşünürəm”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar