Ceyran ovlayan və milli park əməkdaşını güllələyənlər həbs edildi

24.08.2018 12:46     Sosreaksiya     692

Şirvan Milli Parkının ərazisində 30 mart 2018-ci il tarixində qanunsuz ceyran ovlayan və milli parkın sahə müfəttişinə bilərəkdən atəş açaraq yaralayan şəxslər məhkəmənin qərarı ilə həbs olunub.

ETSN-dən Reaksiya.az -a bildirilib ki, qanunsuz ov etdiyinə və Şirvan Milli Parkının əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə məhkəmənin 16 avqust  2018-ci il tarixli qərarı ilə Rahil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə iki il müddətə azadlıqdan məhrum edilib.

Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, 30 mart 2018-ci ildə milli parkın ərazisində qanunsuz ceyran ovlayan  brakonyerlərin saxlanılması istiqamətində parkın əməkdaşları operativ tədbirlər həyata keçirmişdi.

Qanunsuz ov edən şəxslərin saxlanılması zamanı parkın sahə müfəttişi Şirəli Xalıqov brakonyerlər tərəfindən bilərəkdən ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası almışdı.

Hadisəni törədən şəxslərdən biri - Elvin İsrafilov milli parkın əməkdaşları tərəfindən, digəri - Rahil Ağayev isə Salyan rayon Polis Şöbəsinin həyata keçirdiyi  əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmışdı.

Reaksiya.az

Şərhlər