Gəncənin yeni icra başçısı şəhər ağsaqqalları ilə görüşüb

31.08.2018 12:53     Sosreaksiya     762

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb.

 
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib.
 
N.Bayramov ağsaqqaları salamlayaraq, vaxt ayırıb görüşə gəldikləri üçün onlara təşşəkkür edib. O qeyd edib ki, tarixən mədəniyyət beşiyi hesab olunan Gəncə həm də ziyalılar şəhəridir.
 
İcra başçısı bildirib ki, bu görüşü təşkil etməkdə əsas məqsədi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqalların fikirlərini öyrənmək, şəhər barədə məlumat almaq, təklifləri dinləməkdir.


Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə Şəhər Veteranlar Təşkilatının sədri Yusif Məmmədov, II Dünya müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə Şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və digərləri çıxış edərək, Gəncə şəhərinə yeni təyin olunan İcra Hakimiyyəti başçısına işlərində uğurlar arzulayıblar.

 
Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar. Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməkliyi göstərəcəklər.
 
Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.

Qeyd edək ki, Niyazi Müzəffər oğlu Bayramov Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib

Reaksiya.az

Şərhlər