Şahid: "Açarı Fədayə Laçına verəcəkdim"

03.09.2018 12:46     Sosreaksiya     661

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsnndə Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ağstafa rayon Polis şöbəsinin əməkdaşı Fərhad Quliyev ifadə verib. O deyib ki, qeyd edilən hadisədən sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində postlar qurulub. O, postda xidmət apararkən şübhəli şəxsləri müəyyənləşdirmək üçün xidmət apardıqlarını deyib. Polis əməkdaşı qeyd edib ki, başqa bir maşına baxış keçirən zaman indiki təqsirləndirilən şəxslərin olduğu "Opel" markalı maşının posta yaxınlaşarkən anidən döndüyünü görüb: "Şübhəli maşının arxasınca getdik. Kəndin girəcəyində maşın dayandı. Biz yaxınlaşanda sürücü düşdü. Yük yerindən bir nəfər düşərək qaçdı. Arxa oturacaqda bir xanım da əyləşmişdi. Biz dərhal məruzə edib hər iki şəxsi bölməyə apardıq".

Məhkəmədə şahid qismində Ədalət Zeynalov da ifadə verib. O, təqsirləndirilən şəxslərdən Fədayə Laçının bacısı Telli Ağayevanın iş yoldaşı olduğunu deyib. Məlum olub ki, Telli Ağayeva bacısı Fədayənin istədiyi açarı Ədalət Zeynalovdan alıb.

"Telli xanım vaqon rəisiydi. Bir iş yoldaşı kimi həmin açarı məndən istədi. Xüsusi bir açar deyil. Hər yerdən tapmaq mümkündür. Qapı, pəncərə və şitlərin açılmasında istifadə edilir. Açarı tapdım. Fədayə xanıma verəcəkdim. Amma sonra zəng edib çəkilişinin olduğunu dedi. Başqa bir adam gəldi. Gecə dəmir yolunda həmin şəxsə verdim. Lakin həmin adamın üzünü xatırlamıram".

Proses sentyabrın 5-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər - müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Reaksiya.az

Şərhlər