Uğurlu gələcəyə zərif addımlar - Uğurlu Qadınlar Klubu - FOTOLAR

06.09.2018 14:36     Sosreaksiya     1531

 

Bəşəriyyət yarandığı gündən daima “kişi” və “qadın”ın adı bərabər çəkilsə də çox vaxt qadın – ikinci, qadın – sonrakı, qadın – əlavə olaraq səslənmiş, sanki kişini tamamlamaq üçün sonradan artırılmışdır.  Tarixin müəyyən dövrlərində yer üzündə anaxaqanlığı hökm sürsə də qadın demək olar ki həmişə, evin yan-yörəsində dolaşan, bitki və meyvələr toplayan, yemək hazırlayan və uşaqlarına qulluq edən varlıqlar olaraq təsvir və təqdim edilmişdir. Daima ikinci şəxs olaraq rəftar görən qadın çox uzun müddət əşya kimi alınıb-satılmış və aşağılanmışdır. Elə bir təəssürat yaranmışdır ki – sanki qadına hörmət edilməsi üçün o mütləq “ana” olmalı, yəni yenə də hansısa kişinin həyat yoldaşı olaraq təqdim edilməlidir. Bu gün qadın haqlarından danışanda bizə elə gəlir ki bu anlayış Qərb dünyasının məhsuludur və onlardan bizə keçmişdir. Lakin, əgər tarixə nəzər salsaq, Türk törəsində qadın heç vaxt ikinci dərəcəli olmamış, əksinə daima kişilərlə birgə savaşmış, dövlət idarəçiliyində rol oynamışdır.

Təsadüfi deyil ki, qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyəti idi. Lakin, təəssüf ölkəmizdə də qadınların iqtisadi azadlığı hələ də istənilən səviyyədə deyil, və onlar çox vaxt evdar qadın olmaq məcburiyyətində qalırlar. Bəzi rayonlarda qızların təhsildən uzaqlaşdırılması, erkən nikah kimi problemlər hələ də davam edir, və ümumilikdə ölkədə qadınların sosial-iqtisadi həyata qatılma, təşkilatlanma dərəcələri ürəkaçan səviyyədə deyil.

Bu problemləri həll etmək üçün hökümət və qeyri-hökümət təşkilatları tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin bəzən çox gözəl nəticələri olsa da dayanıqlılıq və əhatə dairəsi baxımından əlbəttə ki, layihələr kifayət deyil. Vəziyyətdən çıxış yolu olaraq Gəncə şəhərində bir qrup xanımların təşəbbüsü ilə “Güc birlikdədir” deyərək “Uğurlu Qadınlar Klubu” adı altında birləşmək və birgə müxtəlif layihələr həyata keçirməyə qərar verilmişdir.

Qeyd edək bu klub “Uğurlu qadın, uğurlu gələcək” şüarı ilə Gəncə Asan Xidmət, Coca-cola Azərbaycan, Azərbaycan Turizm və Menecment Universitetlərinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi adına muzeydə baş tutmuş təlimdən iştirak edən xanımların Günel Əsədova, Turanə Əsədova və Gülmira Seyidovanın təşəbbüsü ilə yaradılmışdır.

Klubun yaradılmasında əsas məqsəd xüsusi ilə ali təhsili olmayan və ya evdar xanımların bilik və bacarıqlarının artırılması, onların iqtisadi azadlığının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, qadınların təşkilatlanaraq müxtəlif layihələr həyata keçirmələridir. Klubun artıq loqosu, elektron poçt ünvanı, sosial media hesabları yaradılıb və bəzi layihələri müvafiq donorlara təqdim edilib. Uğurlu qadınlar klubunun Gəncəmiz və ümumilikdə Ölkəmiz üçün xeyirli-uğurlu olmasını diləyirik!

Fərrux Rəhimov – Azərbaycan Dövlət Aqrar Universiteti

Reaksiya.az

Şərhlər