Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrə nə zaman yekun vurulacaq? - - İsa Həbibbəyli CAVABLADI

11.09.2018 15:18     Sosreaksiya     773

Bu günlərdə Orfoqrafiya Komissiyasının iclasında Orfoqrafiya qaydaları müzakirəyə çıxarılacaq və bu məsələyə yekun vurulacaq.

Bu sözləri AMEA-nın vitse-prezidenti, Ofoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, qaydalarla əlaqədar komissiya iclasının keçirilmədiyi, müzakirələrin aparılmadığı və hər hansı bir qərarın qəbul edilmədiyi halda mətbuat vasitəsilə cəmiyyətdə bu barədə ajiotaj xarakterli rəylər yaratmaq, narahatlıq ifadə etmək halları obyektiv reallıqları ifadə etmir, bəzi hallarda hətta təzyiq kimi səslənir.

“Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına edilmiş müraciətdə ifadə olunan fikirlər, irəli sürülən təfliklər Orfoqrafiya Komissiyasında ölkəmizin nüfuzlu dilçi alimləri tərəfindən diqqətlə nəzərdən keçiriləcək və qərarların qəbul edilməsi zamanı ictimai rəy də əsas arqumentlərdən biri kimi nəzərə alınacaqdır. Çünki Orfoqrafiya Komissiyasında yaxşı başa düşülür ki, Azərbaycan dili təkcə elm adamlarının, yaxud dilçi alimlərin deyil, bütövlükdə Azərbaycan xalqının milli sərvətidir. Müraciətdə bir neçə dəfə "xüsusilə 37-ci maddə" formatında vurğulanmış mülahizələrdəki narahatlığın səbəbləri bəlli olsa da, ümumiyyətlə "Qaydalar"dakı bəzi müddəalarının hələlik vaxtı çatmamış və ya Azərbaycan dilinin qrammatikasında ikili münasibət doğuran hallar kimi nəzərdən keçirilməsi tələb olunur.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan dilinin Orfoqrafiya qaydaları üçün əsas prinsip – azərbaycançılıq təlimidir. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" adlanan layihədə başqa meyllər axtarmaq tam məntiqsizdir, süni şəkildə çaşqınlıq yaratmaq məqsədi daşıyır”ş

İ.Həbibbəyli bildirib ki, bütövlükdə 2018-ci ildə Orfoqrafiya qaydaları ətrafında aparılmış səkkiz aydan çox davam edən müzakirələr geniş mənada ictimai və humanitar elmlərin, xüsusən də dilçilik elminin inkişafı üçün faydalıdır. Elm tariximizdə bu qədər aktiv, ardıcıl, cəmiyyətin ən müxtəlif təbəqələrinin nümayəndələrinin yaxından iştirak etdiyi müzakirələr nadir hallarda baş verib. Bu, müstəqillik qazanmış ölkəmizdə dövlət dilinə – ana dilinə olan böyük marağın, milli təəssübkeşliyin, vətəndaşlıq missiyasının aydın təzahürüdür. Orfoqrafiya Komissiyası qarşısında duran vəzifənin məsuliyyətini dərindən başa düşür, bu məsul işlə əlaqədar fikir və mülahizələrini bildirmiş bütün şəxslərə dərin hörmət və ehtiramını bildirir. Heç şübhə ola bilməz ki, qəbul ediləcək qərarlar da ilk növbədə Azərbaycan xalqının milli mənafeyinə və dövlətçilik maraqlarına, eyni zamanda ictimai rəydəki narahatlığın aradan qaldırılmasına və dilçilik elminin inkişafına xidmət edəcək”.

Reaksiya.az

Şərhlər