Ərdoğan və Putin İdlib məsələsində nöqtəni qoyacaq - Türkiyədən rəy

17.09.2018 12:40     Sosreaksiya     791

Türkiyə, Rusiya və İran Astana prinsiplərinə əsaslanaraq, Suriyanın bəzi ərazilərini deskalasiya zonaları elan edib və bundan sonra İdlib Türkiyənin nəzarətinə keçib. Demək olar ki, İdlibdə təhlükəsizliyə görə məsuliyyəti məhz Ankara daşıyır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, son vaxtlar İdlibdə vəziyyət gərginləşir. Bəzi münaqişə tərəfləri əldə edilmiş razılaşmaya sadiq deyillər.

“Əgər İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar başlasa, çox sayda miqrant Türkiyəyə axın edəcək. Söhbət evsiz qala biləcək iki milyon insandan gedir. Bu, Türkiyəni çox narahat edir, çünki bu gün miqrant böhranı əsas problemlərdən biridir”, - o bildirib.


Müsahibimiz qeyd edib ki, hazırda Türkiyədə 3,5 milyon miqrant var. Təkcə İstanbulda suriyalı miqrantların sayı bir milyondan çoxdur.

“Türkiyə iqtisadiyyatı onsuz da ağır günlərini yaşayır. Qaçqınların yaşayışı üçün isə çoxlu sayda resurslardan istifadə edilir. Türkiyə İdlibdə toqquşmanın qarşısını almaq istəyən tərəfdir”, - İsmayıl qeyd edib.


Politoloq əmindir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirəcəyi görüşdə bu məsələyə nöqtə qoyacaq.

“Onlar bir çox məsələni, o cümlədən İdbil problemini müzakirə edəcəklər. Ən əsası, iqtisadi məsələ ətrafında fikir mübadiləsi aparılacaq. Axı Türkiyə bir vaxtlar Rusiyanın keçdiyi yoldadır”, - ekspert bildirib.

Xatırladaq ki, Putin və Ərdoğan bu gün Soçidə görüşəcəklər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar