Azərbaycanda əhalinin siyahıya alınmasının keçirilməsinə 40 minə yaxın insan cəlb olunacaq

"Azərbaycanda əhalinin siyahıya alınmasının keçirilməsinə bütün rayonlar üzrə 40 minə yaxın insan cəlb olunacaq".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika komitəsinin sədri Tahir Budaqov deyib.

O bildirib ki, əhalinin siyahıya alınması həm maliyyə tutumu, həm də insan resurslarının cəlb edilməsi, həm də metodoloji baxımından çox mürəkkəb prosesdir: "Bu günə qədər siyahıya alınma ilə bağlı 50-yə qədər sənəd təsdiq olunub".

Komitə sədri əlavə edib ki, siyahıya alınmanın məqədi sayı 10 milyondan artıq olan Azərbaycan əhalisinin hər bir fərdi barədə müfəssəl məlumatların toplanması və işlənməsidir: "Gələn il keçiriləcək siyahıyaalınmanı digərlərindən fərqləndirən əsas cəhət prosesdə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müəyyən göstəricilərin də öz əksini tapmasıdır. Azərbaycanda əhalinin sosial tərkibi, gəlirlərin strukturu, əmək bazarındakı vəziyyətin bütün aspektləri, şəxsin təhsil aldığı sahədən tutmuş onun ixtisası, işlədiyi yer, işləməməyinin səbəbləri və s. məsələlər sorğu anketlərində yer alıb".

T.Budaqovun sözlərinə görə, eyni zamanda, əlilliklə bağlı məsələlər ilk dəfə anketə daxil edilib: "Təkcə rəsmi qeydiyyata alınan əlillər deyil, insanların sağlamlığına münasibəti və faktiki olaraq onlarda hansısa məhdudiyyətlərin olması, rəsmi sənədlərdə olmaması məsələləri də əksini tapıb. Hazırda dünyada fasiləsiz təhsilə önəm verilir. Təhsil pillələri üzrə əhalinin vəziyyəti, miqrasiya prosesləri - istər beynəlxalq miqrasiya, istər daxili yerdəyişmə, bunun səbəbləri və s. suallar ətrafında böyük məlumat əldə etmək mümkün olacaq. Bu məlumat bazası növbəti 10 il müddətində ölkədə müxtəlif demoqrafik sosial-iqtisadi proqramlarının qəbul olunması üçün fundamental baza rolunu oynayacaq.

Bu dəfəki siyahıya alınmaya digərlərindən fərqli olaraq maliyyə baxımından yanaşma daha yaxşı olub. Əvvəlki siyahıya alınmada bir sahə üçün 450 nəfər norma müəyyən olunmuşdu. Norma artdıqca keyfiyyət aşağı düşür. Bu siyahıya alınmada normanı 450-dən 300-ə qədər aşağı salmışıq. Bu sorğu vərəqəsində sualların artması ilə əlaqədardır". (Report)

Advertisement Banner

Şərhlər