“Onlayn ticarətlə məşğul olan şirkətlərə vergi güzəştləri tətbiq edilsin” – TƏKLİF

13.11.2018 14:06     Sosreaksiya     609

Vüqar Bayramov: “Əlavə dəyər vergisinin də aradan qaldırılmasına ehtiyac var”

Çinin alqı-satqı saytı olan “Alibaba”nın bir gündə 30 milyard dollar məbləğində məhsul satması bütün dünyada böyük marağa səbəb olmaqla yanaşı, həm də onlayn ticarətin imkan və potensialını ortaya qoyub.

Bəs ölkəmizdə necə, onlayn ticarətin mövcud durumu qənaətbəxşdirmi? Onlayn ticarətə marağın artırılması üçün hansı addımların atılmasına ehtiyac var?

Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov onlayn ticarətə diqqətin artırılmasının vacib olduğunu bildirib:

“Onlayn ticarət Azərbaycan, habelə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün aktual hesab olunur. Onlayn ticarətin dəstəklənməsi olduqca vacibdir. Iqtisadiyyatın qloballaşması və virtuallaşması müşahidə edilir. Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır. Ölkəmizdə istehsal edilən məhsulların, xüsusilə də qeyri-neft sektoruna məxsus məhsulların ölkə daxili ilə yanaşı, həm də xarici bazara çxıarılmasına ehtiyac var.

ABŞ-da onlayn ticarətlə məşğul olanlar satış vergisindən azaddırlar. Öz məhsulunu onlayn qaydada satan şirkətlər satış vergisi vermir. Bu, şirkətləri onlayn ticarətə üstünlük verməyə sövq edir. Bu, onlayn ticarəti stimullaşdırmaqla yanaşı, vergidən yayınma hallarının qarşısını tamamilə alır. Ticarətin onlayn qaydada olması vəsaitlərin izlənməsinə şərait yaradır.

Onlayn tiucarətlə məhsulları daha geniş auditoriyaya təqdim etmək mümkündür. Əgər məhsul mağazada təqdim olunursa, onu görmək, onunla tanış olmaq və onu almaq üçün mağazaya getmək lazım olur. Onlayn ticarət isə bu məhsulların hətta ölkədən kənarda belə təqdim edilməsinə imkan verir.

Azərbaycanda bəzi onlayn sifarişlərə əlavə dəyər vergisi tətbiq olunub. Bu isə onlayn ticarətlərin həcminin azalmasına səbəb olur. Azərbaycanda onlayn ticarətin dəstəklənməsi çox vacibdir. Onlayn ticarətlə məşğul olan şirkətlərə vergi güzəştləri tətbiq edilməlidir. Əlavə dəyər vergisinin də aradan qaldırılmasına ehtiyac var. Bu sahədə optimallaşdırmanın tətbiqi onlayn ticarətin artmasına səbəb ola bilər”

Reaksiya.az

Şərhlər