"Ümumi təhsil haqqında" yeni qanun layihəsi hazırlanıb

04.12.2018 13:06     Sosreaksiya     655

Bu qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir

 "Ümumi təhsil haqqında" yeni qanun layihəsi hazırlanıb. Yeni qanun layihəsi 5 fəsil, 33 maddədən ibarətdir.

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

Azərbaycan Respublikasında ümumi təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Təhsil haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, ümumi təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Reaksiya.az

 

Şərhlər