Birdəfəlik yardım neçə ailəni əhatə edəcək?

20.12.2018 16:35     Sosreaksiya     705

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli Sərəncamı dövlət başçısı tərəfindən aztəminatlı ailələrin maddi təminatlarının gücləndirilməsinə göstərilən xüsusi qayğının növbəti təzahürüdür.

Sərəncamda 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır.

Sənədə əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsində maddi təminatlarına dəstək olacaq. Nazirlik birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin edəcək.

Son 15 ildə Prezident İlham Əliyevin sosialyönümlü siyasətinə uyğun olaraq həyata keçirilmiş ardıcıl tədbirlər, mühüm sosial-iqtisadi nəticələrə yönələn proqramlar ölkədə rifah halının mütəmadi yaxşılaşmasına imkan verməklə, əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisinin əhəmiyyətli şəkildə azalmasına, yoxsulluğun 49 faizdən 5 faizə düşməsinə səbəb olub.

Həmin dövrdə əhalinin sayının 1,5 milyon nəfər artmasına, əmək bazarına daxil olan işçi qüvvəsinin ildən-ilə çoxalmasına baxmayaraq, dövlət məşğulluq siyasətinin güclənməsi, yeni iş yerlərinin açılmasının davamlı xarakter alması, aktiv məşğulluq tədbirlərinin geniş miqyas alması nəticəsində işsizliyin kəskin şəkildə azalaraq 5 faizə düşməsinə, əmək bazarında sabitliyə nail olunub. Bu gün Azərbaycan Avropa və MDB məkanında ən aşağı işsizlik göstəricisinin olduğu ölkələr sırasındadır.

Aztəminatlı ailələrin yoxsulluqdan müdafiəsində mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı da Prezident İlham Əliyevin 2005-ci ildə təsdiq etdiyi və 2006-cı ildən qüvvəyə minmiş “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən həmin vaxtdan həyata keçirilir.

Bununla bərabər, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların sosial yardım proqramından asılılığının aradan qaldırılması, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını yaratması, beləliklə, gəlir imkanlarını artırması, kiçik ailə biznesinə başlaması üçün də müvafiq işlər aparılır.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə ötən illə müqayisədə 6,4 dəfə çox olmaqla, 7,7 min ailə cəlb olunub və onlardan 1000-ə qədərini məhz ünvanlı dövlət sosial yardımı alan ailələr təşkil edir.

Reaksiya.az

Şərhlər