Deputat: "14 yaşlı qızın hoteldə nə işi olub?"

05.02.2019 12:46     Sosreaksiya     764

"Hesab edirəm ki, bizim qanunvericilik, xüsusilə cinayət qanunvericiliyimiz xeyli sərtləşdirilməlidir"

 

"Gənc, yeniyetmə, yetkinlik yaşına çatmayan qızların cinsi istismara, təcavüzə məruz qalması ilə bağlı qanunvericiliyimizdə daha sərt maddələr nəzərdə tutulmalıdır".

Bunu oxu.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı son zamanlar yetkinlik yaşına çatmayan, gənc, yeniyetmə qızların cinsi istismara məruz qalması hallarının artması, həmçinin, 14 yaşlı qızın hotel əməkdaşı tərəfindən təcavüzə uğraması məsələsinin cəmiyyətdə, mediada geniş rezonansa və kəskin etirazlara səbəb olmasına münasibətini bildirərkən deyib.

Komitə sədri bu məsələlərin hər kəsi, o cümlədən, xalqın təmsilçiləri olan millət vəkillərini ciddi narahat etdiyini bildirib və qeyd edib ki, yaxın zamanlarda parlamentdə məhz bu məsələlərlə bağlı növbəti geniş dinləmələrin keçirilməsi nəzərdə tutulur.

A.Naxçıvanlı bu məsələlərdə təbliğata, maarifləndirmə işlərinin sürətləndirilməsinə, ailələrlə, valideynlərlə mütəmadi işlərin aparılmasına ciddi ehtiyac duyulduğunu bildirib.

Qeyd edib ki, elə məsələlər var ki, onları təkcə qanunlarla tənzimləmək olmur, mümkün deyil, burada mənəviyyat, əxlaq qanunları da rol oynamalı, öz sözünü deməlidir:

"14 yaşlı qızla bağlı məsələyə gəlincə, bu, çox ürəkağrıdıcı və qandondurucu bir hadisə, cinayət əməlidir və bunu edənlər hüquqi yolla ən sərt şəkildə cəzalandırılmalıdır. Amma bu məsələnin kökünü də bilmək gərəkdir.

Axı bu 14 yaşlı qızın hoteldə nə işi olub, o, necə ora gedib, nə üçün gedib? İş məqsədiləmi ora gedib, yoxsa ailəsindəmi hansısa problemlər yaşanıb, olub, var? Necə olub ki, hotelə getməsindən onun ailəsinin, valideynlərinin xəbəri olmayıb? Onlara hara baxıblar, baxırlar? 
Bilirsiniz, çox dəhşətli bir mənzərədir, sanki ailələr, valideynlər öz övladlarından ayrı düşüblər... Bir çoxları artıq öz övladlarının bu gününü, gələcəyini taleyin amansız axarına buraxıblar. Ailə, valideyn olmaq təkcə övlad dünyaya gətirmək deyil, bununla iş bitmir, ailə, valideyn olmaq həm də məsuliyyət, dünyaya gətirdiyi övlada sahib çıxmaq deməkdir.

Bir çoxları sanki bunu unudublar. Eyni zamanda, burada məktəblərin, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar da bu məsələdə ciddi cavabdehlik daşıyırlar və daşımalıdırlar. Məktəb təkcə təhsil demək deyil, həm də təlim-tərbiyə deməkdir. Hesab edirəm ki, məktəblərdə təlim-tərbiyə məsələlərinə, nizam-intizama ciddi riayət etməlidirlər.

 

Axı 14 yaşlı qız məktəb yaşlı qızdır, o, məktəbə gedirmi, getmirmi, necə olub ki, təhsildən yayınıb, bunun kökü nədən, ailədən, yoxsa kənar amillərdən başlayır, bunlar bilinməlidir.

Yadınıza gəlirsə, əvvəllər məktəblərdə ailə komitələri vardı, onlarla məktəblərlə, müəllim kollektivləri ilə qarşılıqlı surətdə fəaliyyət göstərir, əməkdaşlıq edir, təlim-tərbiyə işlərinin düzgün qurulmasında öz töhfələrini verirdilər". 
Komitə sədri hesab edir ki, məktəblərdə belə komitələrin yenidən yaranmasına, bərpasına ehtiyac var.

"Siz bu faktı xatırlatdınız, bir neçə gün öncə Azərbaycanın bölgələrindən birində daha bir dəhşətli hadisə yaşandı, ana iki uşağını atıb getdi, indi nə qızın anası, nə də qayınanası onlara yaxın durur.

Bu, çox dözülməz məsələdir. Bunu da təkcə maddi-sosial durumla əlaqələndirmək düzgün deyil. Axı sən bu uşağı dünyaya gətirmək üçün əzab-əziyyətə qatlaşırsan, doqquz ay onu bətnində gəzdirirsən, dünyaya gətirirsən, sonra onlardan imtina etməyə, küçənin ortasına atmağa necə ürəyin qıyır, əlin gəlir?

Axı övlad üçün burnunun ucu göynəyən insanlar, ailələr, valideynlər var. Onlar illərlə, on illərlə çalışırlar, bütün müalicə-müayinələrdən, həkimlərdən keçirlər ki, övladları olsun.

Amma sən götürüb övladını, canından bir parçanı küçənin ortasına atırsan...

Bilirsiniz, bir qədər sərt çıxmasın, bəzi insanlar sanki hər şey unudublar, heç nə veclərinə deyil, abır-həya, ar-namus nə olduğunu yadlarından çıxarıblar. Bizim leksikonumuzda abır, həya, ar, namus, ismət sözləri var.

Bunlar artıq az qala unudulub, leksikonumuzdan çıxarılıb. Biz nə edirik, biz hara gedirik bununla? Axı bizim öz əxlaqi, milli-mənəvi dəyərlərimiz var, onları necə tapdalamaq, ayaqlar altına atmaq olar?

Bununla belə, mən heç də o fikirdə deyiləm ki, bizdə belə hallar çoxdur. Dünyanın hər yerinə baxsaq, görərik ki, bizdəkindən də betər hallar, hadisələr var. Amma eyni zamanda, bizdə belə hallar nəinki az olmalı, ümumiyyətlə, olmamalıdır.

Bu, yolverilməzdir. Bizi başqa xalqlarla qarışdırmaq, eyniləşdirmək olmaz. Bizim öz əxlaqımız, öz dəyərlərimiz var və bu dəyərlər daha üstün şəkildə qorunub, saxlanılmalı, gələcək nəsillərə ötürülməlidir.

Burada həm çəmiyyət, həm valideynlər, həm təhsil müəssisələri əl-ələ verib birgə fəaliyyət göstərməli, milli-mənəvi dəyərlərimizə zidd halların aradan qaldırılmasına çalışmalıdırlar. Çünki dediyim kimi, hər bir məsələni təkcə qanunlarla tənzimləmək olmur", - A.Naxçıvanlı əlavə edib.

Reaksiya.az

Şərhlər