Şamaxıda vulkan püskürdü

13.02.2019 14:01     Sosreaksiya     816

Şamaxı rayonunda vulkan püskürüb.

Bu barədə Trend-ə Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov məlumat verib.

İcra nümayəndəsi bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".

B.Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev isə sayta deyib ki, “Quşçu” vulkanının püskürməsi gözlənilən idi.

Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.

Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Quşçu” ilə yanaşı, “Dəmirçi”, “Qızmeydan”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edib.

Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.

Reaksiya.az

Şərhlər