ZƏRİF ÇİYİNLƏRDƏ “AĞIR YÜK” - 1-Cİ VİTSE-PREZİDENT MEHRİBAN XANIM ƏLİYEVANIN VƏZİFƏSİNİN İKİ İLLİYİNİN TAMAMINA

Bu misraları yazanda özüm də bilmədən başımda "Baş sarıtel" havası çalınmağa başladı. Bəlkə sazla bu XANIM arasında bir uyğunluq, əlaqə vardı, ondandı. Əlbəttə vardı. Sonra sazda dinlədiyim "Baş sarıtel" havası bitdi, yerini muğama "Şirvan gözəlləməsi"nə, "Bayatı Qacar"a verdi. Təəccübləndim, özüm özümə sual verdim: "Nədən belə ardıcıllıq yarandı? Çox keçmədi ki, sualıma cavab tapdım: "Əlbəttə belə olmalıdır, çünki, az qala itib batmış muğamı, Dədə Qorquddan (doğrusu, ondan da əvvəl) əmanət qalmış qopumuzu, sazımızı yenidən dirçəltdi bu XANIM- XATIN. Bütün dünyaya tanıtdı, YUNESKO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil etdirdi. Digər on bir qeyri-maddi mənəvi dəyərlərimiz kimi "SAZ"ı "MUĞAMI" azərbaycanlı etdi, Azərbaycanın etdi bu Xanım.
 
Paravozun çəkə bilmədiyi bu "AĞIR" yükü bu XANIM çəkdi... çəkir, uğurla mənzil başına yetişdirir. Hələ bu başlanğıcın əvvəli idi. Bu Başlanğıcın əvvəli olduğu kimi sonrası da olacaqdı və hələ də davam edir.
 
Bəziləri düşündü ki, bu "YÜK" ün altında zərif çiyinlər tab gətirməz, əyilər, çat verər, sonra ağrılar başlayar. Amma, belə olmadı. YÜK" çoxaldıqca çiyinlər mətinləşdi, möhkəmləndi, daha "ağır YÜK" götürmə imkanına malik oldu. Ancaq zərifliyini, incəliyini itirmədi. Nə idi ona bu "YÜK"ü çəkib aparmağa güc verən, hər dəfə gücünə "GÜC" qatan? Yazının əvvəlində bir işarəti verdim. Min illərdən süzülüb gələn, süzüldükcə içimizə, qanımıza, yaddaşımıza hopan, adət-ənənəmizin başında duran "SAZ" və "MUĞAM"ı keçmişdən gələcəyə daşıyan MƏSULİYYƏT idi bu "GÜC" .
 
Zərif çiyinlər bu gücdən titrəmədi, əsmədi, heydən düşmədi."İçim özümü yandırır, çölüm özgəsini" deyiminə fikir vermədi, axı MƏSULİYYƏT daşıyırdı, daşıyır...
 
Birinci MƏSULİYYƏTİ ailədən başladı. Ata evində aldığı tərbiyəni, öyrəndiyini, əxz etdiyini ƏR evinə daşıdı, "hər BÖYÜK KİŞİnin arxasında duran QADIN MƏSULİYYƏTİNİ unutmadı, SÖZün qədrini bildi. "SÖZ var dağa çıxardar, SÖZ var dağdan endirər" misalına riayət etdi. SÖZü ucalığa çıxartmaqla ailəsini də ucalığa çıxartdı, çünki üzərində daşıdığı məsuliyyət vardı. Bu ona GÜC verirdi.
 
İkinci MƏSULİYYƏT ətrafı idi. Ətrafını düzgün istiqamətləndirmək idi, çünki "ətrafını, dostunu, tanışını mənə göstər, söyləyim sən kimsən" deyimi hələ dəbdən düşməyib. Ətrafın pis olub, sən yaxşı ola bilməzsən. Bu "YÜK"ün də öhdəsindən gəldi. Ətrafını istiqamətləndirdi, hansı məsuliyyəti və öhdəlikləri daşıdıqlarını onlara anlatdı. Axı, təkcə əlli milyonluq azərbaycanlının, türk dünyasının deyil, bütün dünyanın gözü onlardadır. XANIM-XATIN bu MƏSULİYYƏTİ dərk edir, elə zərif çiyinlərini də "YÜK"ün altına sevgilə qoyur.
 
Bu "YÜK"ün üçüncü MƏSULİYYƏTİ elinə, obasına, vətəninə, onun insanlarına sevgisi, hörmətidir.
 
Babalarından, babasından, qayınatasından ƏRinə ötürüldüyü kimi ONA da ötürülmüşdü bu sevgi, bu izzət, insanları dinləmək, dərdlərini, sevinclərini bölüşmək, paylaşmaq, imkanı içində problemləri həll etmək, yaxşılığı unutmamaq, pisin, xəbisin ağzından vurub geri qaytarmaq, hələ nə qədər, nə qədər keyfiyyətləri özündə cəmləyib XANIM-XATIN , bu ZƏRİF QADIN. Fil dözməz bütün bu "YÜK"ə, o isə dözür, çəkir... aparır. "Uf" da demir, "oy" da da demir, "yoruldum" da demir.
 
Sadə dildə danışır insanlarla, özünü çəkib "dağ başına" qoymur. Yuxarıdan aşağı baxmır soydaşlarına, arxa bilib, arxa durduqlarına. Bu üzdən ƏRİ kimi , ona da pənah aparırlar, ƏRi kimi onu da sevirlər. Deyəcəkləri qədər, görüləcək işləri də çoxdur. Eli-obası, soydaşlarını layiqdən daha layiqliyə qaldırmaq istəyir zərif çiyinlərində ağır "YÜK" daşıyan bu Qadın.
 
Qaçqınların, şəhid ailələrinin, qazilərin, əlillərin haqqında ona görə xüsusi danışmaq istəmirəm ki, sadaladıqlarımın heç birini elindən, obasından, soydaşlarından ayırmır. Əksinə onlara daha çox nəvaziş və sevgi göstərir, ən xırda dərdlərini, müşküllərini həll etməyə çalışır və çoxusunu da həll edir. O sehrbaz deyil ki, əlini əlinə vursun, hər şey o an həll olsun. Ən xırda problemi həll etmək üçün nə qədər enerji, nə qədər güc sərf etmək lazımdır. Amma, o bütün bunlardan usanmır, yorulmur, sevə-sevə, bu "YÜK"ü daşıyır, həm də ətrafdakılarını da, sevimli övladlarını da bu işə cəlb edir.
 
Dördüncüsü, dövlət işinin MƏSULİYYƏTİdir. Elini, obasını dövlət çətiri altına toplamaq, onu özü kimi sevmək məsuliyyətdir, axı dünyada yaşayan bütün azərbaycanlıların bir dövləti var - Azərbaycan. Yağı düşməndən bu Dövləti qorumaq, onu bütöv halına gətirmək, iqtisadiyyatını gücləndirmək, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, ƏRi kimi həm də onun işidir. Bu isə çox ağır YÜK, həm də MƏSULİYYƏTLİ YÜKdür. Azərbaycanımızı hər sahədə Liderlər sırasına qatmaq heç də asan deyil, ancaq mümkündür və bu sahədə işlər görülür, bundan sonra da görüləcək.
 
Usta sarbanı olan karvana təhlükə gəlməz!
 
Yenə başımda "Baş sarıtel" havası çalındı, "Şirvan Gözəlləməsi", "Bayatı Qacar" muğamı oxundu. Bu musiqinin sədaları altında zərif çiyinlərini ağır YÜKün altına verən, "yoruldum" deməyən bir XANIM-XATIN irəliləyir.
 
YÜKün mübarək ZƏRİF QADIN
 
 
 
 
 

Yunus Oğuz

Advertisement Banner

Şərhlər

Çox oxunanlar