Süni qiymət artırılır, amma satıcılar qayda pozmur

22.02.2019 14:27     Sosreaksiya     685

“Satıcıya “niyə bu qiymətə kontur satırsan” demək olmaz, onun strategiyası budur”

Son günlər bəzi marketlərdə mobil operatorlar üçün danışıq konturları baha qiymətə satılır. Belə ki, 1 manatlıq 1 manat 10 qəpiyə, 3 manatlıq 3 manat 30 qəpiyə, 5 manatlıq isə 5 manat 50 qəpiyə satılır. Alıcılar etiraz edəndə isə satıcılar cavab verirlər ki, “bizə bu qiymət sərf etdiyi üçün belə satırıq”. Alıcılar süni qiymət artırılmasından narazıdırlar.

 

 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, qanunsuzluq ancaq o zaman olar ki, mağaza sahibi satdığı konturların vergisini verməsin: “Yəni baha satırsa, ona uyğun daha çox vergi ödəməlidir. Bunu edə bilmirsə, o zaman qanunu pozur”. 

İqtisadçının sözlərinə görə, alıcı bu məsələdə satıcıya etiraz edə bilməz: “Satıcıya “niyə bu qiymətə kontur satırsan” demək olmaz. Onun strategiyası budur. Əgər bahadırsa, vətəndaş baykot elan eləsin, həmin mağazadan almasın və mağaza sahibi də məcbur olub qiyməti aşağı salsın. Satıcılar qiymət məsələsində məsuliyyət daşımır, onların işi məsulların vaxtına nəzarət etmək, mənşəyi məlum olmayan məhsullar satmamaqdır. Amma istədikləri qiymətə sata bilərlər. Bununla bağlı bir məhdudiyyət yoxdur”.

Ekspert onu da bildirib ki, belə halla üzləşməmək üçün vətəndaşlar telefonlarının balansını onlayn şəkildə artıra bilərlər.

Məsələ ilə bağlı mobil operatorların da fikirlərini öyrəndik.

“Nar Mobile” şirkətinin sorğumuza cavabı belə oldu: ““Nar” ödəniş kartlarının qiymətinə nəzarət etmək məqsədilə şirkətin əməkdaşları daim monitorinqlər aparır və səyyar satış komandası bu sahəyə nəzarət edir. “Nar” əməkdaşlarının apardığı mütəmadi monitorinq nəticəsində bu cür hallar demək olar ki, minimuma endirilib. Abunəçilərin rahatlığını düşünən “Nar”, elektron ödəniş üsullarını təqdim edir.

“Azercell Telekom” MMC-dən isə bildirdilər ki, onlar tərəfindən təqdim edilən xidmətlər çərçivəsində danışıq kartlarında qiymət dəyişikliyi olmayıb və danışıq kartları üzərindəki nominal satılması nəzərdə tutulur: “Abunəçilərə danışıq kartlarını üzərindəki nominal uyğun qiymətə rəsmi dilerlərimizdən əldə etmək məsləhət görülür. Həmçinin danışıq kartının seriya və s. göstəricilərin tamlığına diqqət etmək, şifrəni 3-cü şəxslərə bildirməmək, boya örtüyünü pozarkən itiuclu alətlərdən istifadə etməmək tövsiyə edilir”.

“Eyni zamanda nəzərə çatdırırıq ki, 3-cü şəxslərin sahibkarliq fəaliyyəti ilə bağlı, həmçinin 3-cü şəxslərdən nominalına uyğun olmayan qiymətə əldə olunan danışıq kartlarına görə isə “Azercell Telekom” MMC cavabdehlik daşımır” – deyə qeyd olundu.

“Bakcell” MMC-dən isə məsələyə belə aydınlıq gətirildi: ““Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, şirkət tərəfindən təqdim olunan ödəmə kartlarının qiymətinə hər hansı dəyişikliklər edilməyib. Qiymətlərin aydın və anlaşıqlı olması üçün hər bir kartın dəyəri onun üzərində qeyd olunur”.

“Ölkə ərazisində “Bakcell” MMC-nin danışıq kartlarının satışı ilə məşğul olan minlərlə müstəqil satış nöqtəsi mövcuddur. Bu satıcılar müvafiq danışıq kartlarını “Bakcell” MMC-nin distributorlarından əldə edərək faktiki istifadəçilərə satırlar. Müstəqil fəaliyyət göstərən həmin satıcılar tərəfindən qiymətlərin süni şəkildə artırılmasının “Bakcell” MMC-yə heç bir aidiyyəti yoxdur və müvafiq kartların üzərində qeyd olunmuş nominaldan artıq qiymətə satılması ilə əlaqədar şirkət məsuliyyət daşımır” – deyə vurğulandı.

Şirkətdən onu da bildirdilər ki, abunəçilər istifadə etdiyi nömrələrin balansını həmçinin digər alternativ yollar - ödəmə nöqtələri, onlayn ödəmə portalları, poçt, bank və ATM (bankomatlar) və “Mənim Bakcellim” mobil əlavəsi vasitəsilə artıra bilərlər.(sputnik)

Reaksiya.az



 

Şərhlər