XOCALI - QİSAS İSTƏYİRƏM!

25.02.2019 15:14     Sosreaksiya     913

Azərbaycanımızın qədim yaşayış məskənlərindən olan Xocalı şəhəri erməni vandalizminin, erməni vəhşiliyinin pik nöqtəsinə çatan ərazilərimizdəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış 2500 nəfər Xocalı sakini erməni quldur birləşmələrinin hücumlarından qurtulmaq ümidi ilə Ağdam şəhərinə üz tutarkən onlardan 613 nəfəri düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 16-sı qadın, 70-i qoca və qarı olmaqla-613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

... Vətən içində Vətən itirdik. İtkilərimizin ən böyüyü, ən qiymətlisi, ən müqəddəsi, həm də ən dəhşətlisi...

Fevralın 23-də Milli Hüquq Evinin və Turana Açılan Könüllər Ədəbi Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı-Qisas istəyirəm!” mövzusunda keçirilmiş Dəyirmi Masada da məhz Xocalının intiqamının alınması hər bir qeyrətli Azərbaycan vətəndaşının vicdan məsələsi olmalıdır,- fikirləri səsləndirildi. Xocalıdan olan şəhid ailələrinin, Qarabağ Müharibəsi qazilərinin, QHT və ictimai birliklərin rəhbərlərinin, vətənpərvər ziyalıların, tarixçi-araşdırmaçıların, Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı – DAQAH-ın üzvlərinin və başqalarının iştirak etdikləri, 3 saatdan çox davam edən Dəyirmi Masada məhz bu vacib mövzu ətrafında diskussiyalar, müzakirələr, fikir mübadilələri və maraqlı çıxışlar oldu.

Tədbiri giriş sözü ilə Milli Hüquq Evinin rəhbəri, Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, vətənpərvər insan, təəssübkeş ziyalı, hüquqşünas Nicat Gözəlov açaraq rəhbərlik etdiyi qurumun yarandığı gündən bəri ziyalıların, bütün təbəqələrdən olan vətən sevdalı insanların, ələlxüsus da tələbə və gənclərin doğma məkanlarına çevrildiyindən, bu ünvana üz tutan hər bir kəsə isti qucaq açdığından danışdı. Hüquqşünas olaraq, beynəlxalq hüququn işləmədiyi bir zamanda, Qarabağda, o cümlədən Xocalıda baş verənlərə müharibə nöqteyi-nəzərindən deyil, müstəqil Azərbaycan dövlətinin sərhədləri daxilində yaradılmış cinayətkar birliyə və silahlanmış terrorçu dəstələrinə qarşı antiterror əməliyyatlarının aparılmasının vacibliyindən danşaraq, bu halda hegemon dövlətlərin baxış bucağının dəyişəcəyini qeyd edib. Natiq bildirdi ki, Azərbaycan Diaspora təşkilatlarına soxulmuş erməniəsllilər və kriptolar gələcək nəsillərə yuxu dərmanı paylamaqla məşğul olurlar, onları alaq otu kimi təmizləmək, təşəbbüsü ələ almaq, "Azərbaycan vardır, olacaqdır!"ı sübut etmək hamımızın vətəndaşlıq borcu olmalıdır. Şükür, hər növ silahımız və ondan istifadə edə bilən əsgərimiz var. Deməli, Azərbaycan Respublikası ərazisinə soxulmuş terrorçuların yaratdıqları hərbi qruplaşmalara və cinayətkar birliklərə qarşı təcili ANTİTERROR ƏMƏLİYYATLARI BAŞLANMALIDIR. Bakıdakı kimlərinsə yaxın qohumlarının terrorçuların içində olması və məhv ediləcəyi ehtimalı məni heç maraqlandırmır, onlar öz qanlarında boğulmalıdırlar. 

Xocalı analarının, qanlı döyüşlərdə iştirak edənlərin, tarixçilərin, söz adamlarının qisas istəyini görürük. Vaxt keçməyib, hər gün gec deyil.
Hamıdan da xahişim var! Şəxsi münasibətlərinizi aydınlaşdırmağı saxlayın, mübahisə əvəzinə Milli Birlik edin. Azərbaycan dövlətini güclü edin!
Mən digər istəklərlə yanaşı, terrorçulara aman vermədən onların məhv edilməsi, Vətənimin torpağında terrorçunun gəzdiyi hər kv.metrə, hər kəndə, qəsəbəyə, şəhərə və qan donduran Xocalıya görə QİSASın alınmasını istəyirəm!

Xocalı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev çıxışında bir Xocalı vətəndaşı kimi şəhərinin və həmvətənlərinin erməni quldurları tərəfindən soyqırıma məruz qalmasını bəşər tarixində törədilmiş ən dəhşətli faciə kimi dəyərləndirərək bunu unutmağa heç kəsin haqqının olmadığını vurğuladı. O həmçinin xocalıların doğma yurdlarına qayıdacaqlarına əminliyini də bildirdi.
DAQAH – Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının üzvü, erməni vandalizmini araşdıran tədqiqatçı alim Xaqani İsmayıl bu istiqamətdə görülən işlərin, aşkarlanmış faktların dünya çapında yayımlanmasını, buna mane olan halların aradan qaldırılmasının nə qədər önəmli olmasını və bu işi təxirəsalmadan həyata keçirməyin vacibliyini bildirdi.

Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov  ətraflı izah verərək, illərdir ki, ön planda olmalı olan azərbaycançılıq ideologiyasının az təblig edilməsinin bu günkü nəticələrə gətirib çıxardığını, daha ciddi tədbirlərin həyata keçirilməsini vurğuladı. Xocalının qisasının, intiqamının alınması bizim o torpaqlara yenidən qayıdışımızla sübut olunacaq,- fikrini səsləndirdi.

Ehtiyatda olan zabit, ekspert Nizami Cəfərov məsələyə analitik mövqedən yanaşaraq, hərbi əməliyyatların olmadığı bir durumda və uzun zamanlar keçməsi ilə əlaqədar Qarabağın, o cümlədən Xocalı faciəsinin unutdurulacağından və problemin həllinin arxa plana keçəcəyindən, Milli Barışıq olmadıqca Qarabağın Azərbaycandan uzaqlaşacağından narahatlığını ifadə etdi.

Xocalı Şəhid Ailələri Cəmiyyətinin sədri Mehriban Əliyeva xocalıların öz doğma yurdlarında əvvəlki həyatlarını davam etdirməyəcəkləri təqdirdə heç vaxt rahat olmayacaqlarını, Xocalı şəhidlərinin ruhlarının dinclik tapmayacaqlarını vurğuladı.

Xocalıdan olan şəhid ailələrinin üzvlərindən Xatirə Şahmuradova, Raya Əbdülova, Sahibə Şahmuradova və digər Xocalı sakinləri onlara və doğmalarına, həmyerlilərinə, ümumiyyətlə Azərbaycan xalqına qarşı erməni quldurlarının törətdikləri bu ağlasığmaz vəhşiliklərin hələ də cavabsız qaldığından nigarançılıqlarını dilə gətirdilər.

Tabor komandiri kimi Qubadlının müdafiəsində misilsiz igidliklər göstərmiş vətənpərvər eloğlumuz Dağbəyi Məhyəddinov torpaqlarımızın erməni vandallarından azad edilməsi uğrunda bu gün də döyüşlərə hazır olduğunu, şəhidlərimizin qisasını almadan vicdanlarının rahat olmayacağını söylədi.

Qarabağ müharibəsi qazilərindən Arif Qafarov, Faiq Səmədov, Natiq Babayev, Aydın İsayev, Faiq Mahmudov, Əmrah Cabbarov, Cəsarət Kərimov keçdikləri qəhrəmanlıqla dolu döyüş yollarından danışmaqla bərabər hər an müsəlləh əsgər kimi Vətənin keşiyində olduqlarını bildirdilər.

Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq hərbi jurnalist kimi bütün döyüş bölgələrində dəfələrlə şahidi olduğu ağrılı hadisələrdən, igid oğullarımızın şücaətlərindən, onlardakı vətənpərvərlik ruhunun daha da alovlandığından, onlarla qələbəmizə nail olacağımıza inamından qürur hissilə danışdı.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, Qafqaz-Media İctimai Birliyinin sədri Hacı Azadə-Taleh Abbasqızı, ziyalı xanımlardan Elmira Aslanxanlı Turan, Fəridə Hicran, Sədaqət Daşdəmirli çıxışlarında şəhid adının hər zaman uca tutulmasından, onların qanlarının yerdə qalmamasından, məcburi köçkün və qaçqınlarımızın doğma yurd-yuvalarına qayıtmaları, ədalətin bərqərar olması üçün bir vətəndaş olaraq əllərindən gələni etməyə hər an hazır olmalarından bəhs etdilər.

Ermənistandan qaçğın düşmüş, erməni vəhşiliklərinin canlı şahidi olmuş araşdırmaçı yazıçı, şair-publisist Elli Atayurdun ermənilərin törətdikləri Haqqıxlı vəhşəti barədə söylədiklərini həyəcansız dinləmək mümkün olmadı.

Əsgər geyimli, kiçik qəlbində Azərbaycan boyda sevgi daşıyan, 7 yaşında ikən “Qarabağdan rədd olun” plakatı hazırlayaraq küçələrə çıxdığı üçün Rusiyanın Həştərxan vilayətində ailəsi ilə birlikdə təqib olunmuş və təcridxanada saxlanılmış Mehdi Həsənovun hayqırtıyla, üsyankarcasına Ana Vətən haqqında səsləndirdiyi şeirlər ürəkləri riqqətə gətirdi və gələcəyimiz olan uşaqlarımızın mübariz ruhda, əsl vətənpərvər kimi böyüdüklərini göstərdi.

Turana Açılan Könüllər Ədəbi Birliyinin rəhbəri, “Türk Dünyası” qəzetinin təsisçisi və baş redaktoru, şairə Aybəniz Qafarlı tədbirdə iştirak edənlərə minnətdarlığını bildirdi və vətəni vəsf edən şeirlərini oxudu.

Tədbiri yekunlaşdıran Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov Xocalının qisasının alınmasını hər bir Azərbaycan vətəndaşının vicdan məsələsi olduğunu bir daha vurğuladı və hamını bu fikir ətrafında cəmləşməyə səslədi.

Qərara alındı ki, bu mövzularla bağlı Dəyirmi Masalar tez-tez keçirilməli, bura daha çox azad düşüncəli ziyalılarımız və mütərəqqi fikirli gənclər cəlb edilməlidir. Qarabağın, o cümlədən Xocalı soyqırımının hər hansı bir yolla unutdurulmasına heç cür rəvac vermək olmaz. Bizlərin intiqam hissini, Vətən qeyrətini öləziməyə, əbədilik itməyə qoymayaq. Ən azı ona görə ki, nə vaxtsa “Xocalı adlı yurd yerimiz vardı” sözlərini söyləməyək. Allah bizi bu sözlərin vahiməsindən, ən əsası isə bu biabırçılıqdan qorusun...

Gələcək nəsillər məhz vətənpərvərlik ruhunda, Vətəninə və torpağına məhəbbət hissləriylə tərbiyə olunmalıdır. Çünki gələcəyimizin şanlı yolçuları, tariximizin əsl salnaməçiləri məvz milli təfəkkürlü gənclər olacaqlaƏntiqə QONAQ,

əməkdar jurnalist,

Qarabağ müharibəsi veteranı

Reaksiya.az

Şərhlər