Rus mafiyasının liderləri Bakıya qaçır – Rosbalt

01.03.2019 14:44     Sosreaksiya     691

Qanuni oğrular Rusiyadan qaçmağa və öz qruplaşmalarına xaricdən nəzarət etməyə hazırlaşırlar.

Bu məlumatı “Rosbalt” agentliyi yayıb.

“Qanuni oğrular səssiz şəkildə çamadanlarını toplayıb, Rusiyanı tərk etməyə hazırlaşırlar. Bu isə ölkədəki cinayətkarlığın səviyyəsinə təsir göstərməyəcək. Artıq indidən bu tip qanqsterlərin çoxu öz briqadalarını Türkiyə, Azərbaycan, İtaliya və digər dövlətlərdən idarə edirlər. İndiki əlaqə vasitələriylə burada heç bir problem yaranmır. Məsələn, qanuni oğru olan Lotu Quli Rusiyada haqq verməyən iş adamları ilə messencer vasitəsilə Türkiyə və Azərbaycandan “tərbiyəvi” söhbətlər aparır”.

Saytın iddiasına görə, qanuni oğruların dəstələri Rusiyada qalacaqlar. Bu dəstənin üzvləri isə yeni qanunla yox, yalnız törətdikləri cinayətlə məhkum olunacaqlar.

Məqalədə Rusiyada qəbul edilən yeni qanunun reallaşdırılmasına şübhə ilə yanaşılıb. Belə ki, sayt hazırda qanuni oğruların böyük hissəsinin iri şirkətlərin səhmlərinə sahib olduqlarını və bunun onlardan yaxa qurtarılmasına mane olacağını yazıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dumaya kriminal avtoritetlər üçün cinayət məsuliyyətinin sərtləşdirilməsi haqqında qanun layihəsi təqdim edib. Qanun layihəsinin yekun şəkildə mart ayında qəbulu nəzərdə tutulub. Bu qanun layihəsi qəbul olunacağı halda kriminal avtoritetlərin Rusiyada azad fəaliyyəti qadağan olunacaq və onlara 8-16 il həbs cəzası, eləcə də 5 milyon rubl pul cəzası veriləcək

Reaksiya.az

Şərhlər