Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...

18.03.2019 13:34     Sosreaksiya     742

Ölkənin gündəmi məhbusların əfv olunmasıdır. Bu dəfə də  azad olunanların siyahısında onun adı yox idi. Bütün məhbusların içərisində ən çox həbsdə qalan odur. Düz otuz ildir ki, həbsdədir. Ondan ötrü nə əfv komissiyası lazımdır, nə Avropadan gələcək təzyiq, nə də əfv sərəncamı. 
 
O, sərəncamla azad olunmur, o döyüşlə, müharibə ilə azad oluna bilər. Ondan ötrü əmr verilməlidir. O,  25 ildir bu əmrin həsrətini çəkir. Onu azad etmək istəyənlər də bu əmrin həsrətini çəkirlər. Öləcəklərini bilə-bilə bu əmri gözləyənlər var. 
 
O məhbusun adı Qarabağdır! Vətəndir! “Gülü bizsiz bitən, əlimiz yetməyən, ünümüz çatmayan” məhbus Vətən - Qarabağ. Hər məhbusun öz doğması var, hamıdan çox gözləyəni var. Məhbus Qarabağın on milyon doğma vətəndaşı var, on milyon gözləyəni var, di gəl ki, üç milyonluq bir ölkəyə əsir düşüb, həbsə salınıb. O yeganə məhbusdur ki, əfv gözləmir, bayram günlərinə göz dikmir. O yeganə məhbusdur ki, əlində əfv etməmək kimi dəhşətli bir cəza vermək ixtiyarı var. Onun cəzası on milyonun vicdanına yazılacaq. Hər cür fiziki əzab keçər, vicdan əzabı əbədidir. O bir nəsil üçün yox, bütün gələcək nəsillər üçün, bütöv millət üçün bəşər tarixi mövcud olduqca əzab mənbəyi olacaq. O azad olunmasa, nə bu günkü nəsli, nə gələcək nəsilləri əfv etməyəcək!
 
Biz bu gün əfvə düşməyənlərik. Qarabağ bizi əfv etməyib. Amma, zaman  bizim xeyrimizə işləməsə də, əldən verilsə  də (xeyli hissəsi verilib) hələ bir az ümid, bir az da vaxt var. Günahlar  yalnız vətən azad olunanda bağışlanır. Nifrət vətən azad olunanda sevgiyə çevrilir. Həsrət qaldığımız ümummilli sevincə Qarabağ azad olunanda çatarıq. 
 
Əfv olunmaq vaxtıdır, millət! 

İlham İsmayıl

 

Şərhlər