BŞİH -DƏ MÜŞAVİRƏ: BİR SIRA MƏMURLAR CİDDİ CƏZALANDIRILDI

27.03.2019 13:09     Sosreaksiya     688

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.

 
Qurumdan "Sherg.az"a verilən xəbərə görə, müşavirədə qeyd olunmuşdur ki, bü günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş olduğu qeyd olunub, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatçılıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcud olduğu bildirilmişdir. Müşavirə zamanı mövcud nöqsanları əks etdirən foto materiallar nümayiş etdirildi, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildı və məsələ ciddi nəzarətə götürüldü.
 
Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün, Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilmiş, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilmiş, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyyə olunmuşdur. Eyni zamanda Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilmişdir. Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verildi.
 
Müşavirədə həmçinin qeyd olunmuşdur ki, Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya şirkətinin rəhbərliyinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi əsasən qənaətbəxş səviyyədədir. Lakin bu vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən bu sahəyə diqqət və nəzarətin daha da artırılacağı bildirilib.
 
Qeyd olunmuşdur ki, Bakı şəhərində məişət tullantıları üçün yeni konteynerlərin qoyulması davam edir, paytaxtda tullantıların daşınması və idarə olunması ilə bağlı islahatların həyata keçirilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında başa çatacaqdır.
 
Müşavirədə Bakı şəhərində təmizlik aylığının keçirilməsi elan olunmuşdur.
 

Şərhlər