Ekspert deputatla razılaşdı: “Məktəbin əsas vəzifəsi şəxsiyyət yetişdirməkdir”

Bu günlərdə millət vəkili Fazil Mustafa Azərbaycanda məktəblərin ideoloji məkan olduğunu bildirib. Deputat qeyd edib ki, məktəbi hələ də inkişaf etmiş ölkələrdəki kimi ideyalar məkanına çevirə bilmirik:
 
"Bizdə məktəbin hədəfi dövlət üçün layiqli vətəndaş yetişdirməkdir. Bu hədəf cəmiyyət üçün ideyalı şəxsiyyət formalaşdırmaqla əvəz olunmadıqca məktəbin faydasından danışmaq çətin olacaq. İdeyasız vətəndaş sonradan dövlət üçün bəlkə də ən böyük yükə çevrilir”.
 
Deputatla razılaşdığını deyən təhsil üzrə mütəxəssis Nadir İsrafilov "Sherg.az”a bildirib ki, ölkəmizdə təhsillə bağlı müxtəlif islahatlar keçirilsə də, təhsildəki yenilik və dəyişikliklər birmənalı qarşılanmır:
 
"Təhsillə bağlı hansısa fikri qılıncla qarşılamaq da düzgün deyil. Çünki ölkədə fikir plüralizmi var. "Təhsil haqqında qanun”da göstərilir ki, təhsil - bilik, bacarıq və vərdişlər sisteminin nəticəsidir. Hazırda ölkəmizdə təhsilin hansısa göstəricisi bilik səviyyəsinə görə qiymətləndirilir. Məsələn, ali məktəbə nə qədər uşaq daxil olub və neçə bal toplayıb. 
 
Heç bir rəsmi sənəddə göstərilmir ki, orta məktəblərin vəzifəsi ali təhsil ocaqlarına tələbə hazırlamaqdır. Məktəbin əsas vəzifəsi hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. 
 
Lakin bizdə şəxsiyyətyönülmü vətəndaşın kriteriyaları hazırlanmayıb. Orta məktəblərə şagirdlərin universitet üçün topladığı bala görə qiymət veririk. İstəsək də, istəməsək də etiraf etməliyik ki, məktəblər psixologiyadan, pedoqogikadan müəyyən dərəcədə ayrı düşüb. Bilik arxasınca qaçmaq artıq bizdə alüdəçilik olub. Bu baxımdan Fazil Mustafanın dediklərində müəyyən həqiqətlər var”.
Advertisement Banner

Şərhlər