“Azərbaycan gözəl təşkilatçılıq nümunəsi sərgilədi" - Fazil Mustafa

“Guya bir erməni gəlsəydi, vəziyyət dəyişəcəkdimi? “Arsenal”, ümumiyyətlə, oyun nümayiş etdirə bilmədi”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib.

UEFA Avropa Liqasının final matçının Azərbaycanda keçirilməsi ilə bağlı danışan millət vəkili oyundan əvvəl futbolun siyasiləşdirilməsi və ölkəmizin təşkilatçılığı məsələlərinə toxunub:

“İstədiyimiz bir oyun oldu. Çox xoşuma gəldi. “Çelsi”nin, Hazardın oyunu möhtəşəm idi. “Arsenal”ın da rəzil olmasına çox sevindim. Çünki Azərbaycanın qonaqpərvərliyinə olduqca hörmətsiz yanaşan anlayışla gəlmişdilər. Elə bu anlayışa görə də pessimist əhval-ruhiyə ilə yola salmağımıza da əsas verdi. Hesab edirəm ki, Azərbaycan gözəl təşkilatçılıq nümunəsi sərgilədi. Ədalətli oyun oldu, hakimlər də gözəl oyun idarə etdilər. Nəticə də arzulanan kimi oldu. Mən əvvəllər “Arsenal”ın oyunlarını izləyirdim. Lakin son həyasızlığa görə “Çelsi”nin qələbə qazanmasını istəyirdim. Elə də oldu.

Azərbaycan da məhz bu cür davranmalı idi. Belə etməli idi ki, futbolu siyasiləşdirənləri utandırsın. Bundan sonrakı mərhələdə bizim yalançı iddialarla çıxış edənləri utandırmaq mərhələmiz başlayır. Guya bir erməni gəlsəydi, vəziyyət dəyişəcəkdimi? “Arsenal”, ümumiyyətlə, oyun nümayiş etdirə bilmədi. Bu da onu göstərir ki, komanda günahı özlərində axtarmalıdır. Hansı problemləri varsa, özləri həll etməlidirlər. Oyunda bu iddiaların nöqtəsi qoyuldu. Azərbaycanın da təşkilatçılığına müsbət mənada rəy verildi".

Millət vəkili vurğulayıb ki, tribunada nüfuzlu məmurlarla yanaşı, prezidentin də oyunu canlı izlədiyinin şahidi olub: "Bu da müsbət bir hal, xoş aura idi. Prezidentin göstərişi ilə müvafiq orqanlar yüksək səviyyədə təhlükəsizliyi təmin etmişdilər. Daxili İşlər Nazirliyi, Dövlət Təhülkəsizliyi Xidmətinin bu istiqamətdə gərgin iş rejimi oldu. Bu işin də öhdəsindən vicdanla gəldilər. Ölkəmizin adına layiq. Belə tədbirlərdə ölkə başçısının iştirak etməsi həm də idmana olan diqqətinin göstəricisidir”.

Qeyd edək ki, final matçının Azərbaycanda keçirilməsi dünyada bəzi siyasi dairələri dərindən narahat edirdi. Elə bunun nəticəsidir ki, “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın təhlükəsizlik məsələlərini bəhanə edərək Bakıya səfər etməməsi dünya miqyasında qabardılaraq müzakirə olundu. Lakin Azərbaycanın yüksək səviyyədə təşkilatçılıq və təhlükəsizlik işlərini həyata keçirməsi idmanın siyasiləşdirilməsi cəhdlərinə birdəfəlik nöqtə qoydu.

Reaksiya.az

Advertisement Banner

Şərhlər