MM-nin 1 saata 35 qanunu qəbul etməsinə deputatdan reaksiya: İYUL AYI İLƏ BAĞLIDIR…

10.07.2019 13:00     Sosreaksiya     711

"Milli Məclisdə geniş debatların aparılması, müzakirə mühiti yetərli səviyyədə deyil”.

Sfera.az-a açıqlamasında bu sözləri parlamentin son iclasında 1 saata 35-ə qədər qanun layihəsinə baxılaraq onların tələm-tələsik qəbul edilməsinə münasibət bildirən deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu əslində Milli Məclisin özünə aid olan bir məsələdir: "Deputatlara deyə bilmərik ki, niyə qanunların müzakirə və qəbulunu belə tez başa çatdırırsınız? Yəqin ki, çıxış etmək, münasibət bildirmək zərurəti olmadığına görə belə tez başa çatdırılıb. Hər halda prosesi dəyərləndirmək cəmiyyətə aiddir. Qısa zamanda, geniş müzakirələr olmadan bu qədər qanunun qəbul edilməsini insanlar doğru olmayan hal kimi dəyərləndirirsə, onları da qınamaq olmaz. İnsanlar bəlkə Milli Məclisdən fərqli bir şeylər umurlar. Ona görə də bu məsələ ilə bağlı konkret söz söyləmək çətindir. Milli Məclisdə geniş debatların, müzakirə mühitinin yetərli səviyyədə olmadığı bir gerçəklikdir. Bu olsa daha yaxşı olar. Amma indi reallıq budur. Hər halda hər kəs söz alıb çıxış etmək imkanına sahibdir. Bunu etmirlərsə, deməli zərurət görmürlər”.

Sonda deputat qısa zaman kəsiyində müzakirəsiz çoxsaylı qanun layihəsinin qəbulunu iyul ayının olması ilə əlaqələndirdi:"Belə vəziyyətin yaranması iyul ayı ilə də bağlı ola bilər. Sessiya müddəti uzadılıb. Ona görə də qanunların tez qəbul edilib başa çatdırılmasını arzulayırlar”.

Qeyd edək ki, Milli Məclisin iyulun 9-da baş tutan iclasında deputatlar rekorda imza ataraq 1 saata 35 qanun layihəsini müzakirə olmadan qəbul ediblər.Parlamentin bu tələskənliyi isə cəmiyyətdə narazılığa səbəb olub.

Reaksiya.az

Şərhlər