Ölümə görə müavinətlər - Necə təyin olunur?

28.10.2019 17:16     Sosreaksiya     2771

 “Ailə başçısını itirməyə görə müavinət sosial müavinətlərin bir növü olan aylıq müavinətlərə aiddir. Bu müavinət ailənin hər bir üzvü üçün təyin edilir. Yəni, ailədə 18 yaşına çatmamış uşaqlar, əmək qabiliyyəti olmayan və müəyyən yaş həddinə çatmış həyat yoldaşları üçün hər birinə 80 manat müavinət təyin edilir. İstər vəfat etmiş şəxs əmək pensiyaçısı olsun ya olmasın və ya şəxsi sığorta hesabı olan olmayan şəxslər vəfat etdikdə onların ailələrinə adambaşına 80 manat məbləğ düşür Ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarına, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına (əlillik müddətinə), 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə (uşağın 8 yaşınadək) ödənilir”.

Bu sözləri Reaksiya.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı əmək pensiyaçısı və şəxsi sığorta hesabı olmayan və pensiya yaşına çatmayan şəxslərin vəfatından sonra onların ailələrinə veriləcək dəfn və müavinət pullarının verilməsi məsələlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ya sığortaolunan ( hal hazırda işləyən), ya pensiyaçı, ya da hər hansı müavinət alan şəxslər vəfat etdikdə onlara verilir.
Bu hallar olmadıqda dəfn üçün müavinət verilmir.

Fazil Talıblı həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan da danışıb:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqda yaşadıqları müəssisənin müdiriyyəti tərəfindən onların adına şəxsi hesab açılır, hesab haqqında məlumatlar müəssisənin yerləşdiyi ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına bildirilir, aylıq müavinət bu mərkəzlər tərəfindən həmin hesaba köçürülür”.

Birdəfəlik müavinətlərdən də danışan Fazil Talıblı  bu barədə qanunvericilikdəki məsələlərə də toxunub:

“Qanunvericiliyə əsasən, sığortaolunan (hazırda işləyən), sosial müavinət alan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün  birdəfəlik müavinət verilir.

Sığortaolunan (hazırda işləyən və əmək haqqından sosial sığorta ödəyən) vəfat etdikdə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sığortaedənin uçotda olduğu rayon (şəhər) şöbələri tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.
Yaşa, əlilliyə, sağlamlıq imkanları məhdudluğa, ailə başçısını itirməyə görə müavinət alan, yaxud dövlət qulluqçusu kimi ömürlük müavinət alan, eləcə də işsizlik sığortası alan şəxs vəfat etdikdə “Sosial müavinətlər haqqında” Qanunla dəfn üçün birdəfəlik müavinət verilir.
Həmin birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərhumun yaşadığı rayon (şəhər) üzrə şöbəsi tərəfindən təyin edilir və ödənilir.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən dəfn üçün birdəfəlik müavinət 300 manat məbləğində (əmək pensiyaçısı deyil, sığortaolunanlar üzrə) müəyyən olunub”.

Əmək pensiyaçıları və şəxsi sığorta hesabı olan şəxslərin müavinəti isə belə təyin olunur:

“Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
 Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli olmaqla 600 manat (yəni 1 oktyabr 2019-cu il tarixdən əmək pensiyasının minimum məbləği 200 manat təşkil etdiyi üçün həmin məbləğin 3 misli) məbləğində dəfn üçün müavinət verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərhumun yaşadığı rayon (şəhər) üzrə şöbəsi tərəfindən təyin edilir və ödənilir.

Müavinət ailə başçısı itirməyə görə, 18 yaşadək uşağa, işləməyən anaya, sağlamlıq imkanı məhdud uşaqlara şamil olunur.

Qeyd edilənlər nəzərə alınmaqla, digər hallarda dəfn xərcinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır”.

İmamət İsmayılova

Reaksiya.az

 

Şərhlər