Buraxılan MM-in deputatlarından kimlər seçkiyə getmir?

17.12.2019 16:16     Sosreaksiya     1431

2020-ci il 9 fevral tarixində Milli Məclisə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə qatılacaq şəxslər artıq müəyyən hazırlıqlara başlayıblar. Lakin 5-ci çağırış deputatlarından kimlərin növbəti seçkidə iştirak edəcəyi və hansı dairələrdən namizədliklərini verəcəkləri maraq doğurur.

Reaksiya.az  Axar.az -a istinadən  xəbər verir ki, YAP-ı təmsil edən deputatlar partiyanın bugünlərdə açıqlanacaq siyahısını gözləməyi məsləhət görürlər. Onların sözlərinə görə, qərarı YAP SŞ verəcək.

Bəs, digər deputatlar?

Rasim Musabəyov: Bu barədə hələ ki, qərar verməmişəm. Qərar verdikdən sonra bu haqda mətbuata açıqlama verəcəyəm.

Flora Qasımova: Mən bu dəfəki seçkilərdə iştirak etməyəcəyəm.

Musa Qasımlı: Yaxın günlərdə biləcəksiniz.

Fazil Mustafa: Partiyamız (Böyük Quruluş) növbədənkənar parlament seçkilərində iştirakımla bağlı artıq qərar verib. Namizədliyimi 26 saylı Sabunçu birinci seçki dairəsindən verəcəyəm.

Fərəc Quliyev: Partiyamızın (Milli Dirçəliş Hərəkatı) 30-a yaxın nümayəndəsi namizədliyini irəli sürüb. Mən özüm də seçkilərdə iştirak edəcəyəm. Amma namizədliyimi hansı dairədən verəcəyimə hələ qərar verməmişəm.

Aqil Abbas: Qarabağlılarla məsləhətləşəndən sonra qərar verəcəm. Hələ ki, məsləhətləşməmişm deyə, bir söz deyə bilmərəm. Bu həftə ərzində görüşümüz olmalıdır və orada qərar veriləcək ki, seçkilərə qatılım, ya yox. Razılıq əldə olunsa, bu dəfə də namizədliyimi 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən verəcəyəm.

Asim Mollazadə: Yaxın zamanda bununla bağlı açıqlama verəcəyik. Seçkidə iştirakım dəqiqləşsə, yəqin ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyimi verəcəyəm.

Hüseynbala Mirələmov və Hadı Rəcəbli “yasda olduqları üçün” danışa bilmədiklərini dedilər, Xanhüseyn Kazımlı, Zeynəb Xanlarova, Ağacan Abıyevin isə seçkilərə getməyəcəyi qeyd edilir.

Maraqlıdır ki, deputatlardan bir çoxu ümumiyyətlə bu mövzuda danışmaq istəmədiklərini və adlarının çəkilməməsini xahiş etdi.

Reaksiya.az

Şərhlər