Aslan İsmayılov “Zeynəb Xanlarova” fondunun yaradılmasından danışdı - Təfərrüat

18.12.2019 14:18     Sosreaksiya

Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın ABŞ-da fond (Zeynab Khanlarova Foundation) təsis etməsilə bağlı qalmaqal davam edir. Qalmaqala səbəb olması “Landromat işi”ndə (çirkli pulların yuyulması sxemi) adı keçən “Metastar” şirkətinin fonda 10 min dollar köçürməsidir.

Fond 2012-ci ilin may ayında təsis edilib. Yayılan məlumatlarda deyilir ki,  fond millət vəkilinin 2013-cü ildə Nyu-York şəhərininin 5 bölgəsindən biri olan Bruklində, Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü qatında yerləşir. İkinci qat yerli hüquq firmalarından birinə icarəyə verilib. Binanın ən alt mərtəbəsində isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 232.2 kvadrat metrlik sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. 

Həmçinin bəlli olub ki, fondun təsisçilərindən biri tanınmış hüquqşünas Aslan İsmayılovdur. 

Yenisabah.az məsələ ilə bağlı Aslan İsmayılovla əlaqə saxlayıb. Hüquqşünas belə bir fondun mövcudluğunu təsdiqləyib və onun yaranma tarixi barədə danışıb: “Səhv etmirəmsə, 2012-ci ildə Zeynəb Xanlarovanın Bruklində “Millenium” zalında konserti olub. Həmin konsertdən sonra onlarla insan Zeynəb Xanlarovaya yaxınlaşıb, ona sayqılarını ifadə ediblər. Zeynəb xanıma yaxınlaşanların çoxları Bakı yəhudiləri olub, o cümlədən biri də David Yusifov olub. 

David Zeynəb xanımı çox sevdiklərini deyib, ondan tez-tez  Nyu-Yorkda konsert vermək xahiş edib. Zeynəb xanım bunun o qədər də asan olmadığını, maliyyə lazım olduğunu bildirəndə David Yusifov ona fond yaratmağı təklif edib. Bundan sonra Zeynəb xanım mənə zəng vurub soruşdu ki, fondu necə yaradırlar. Mən də ABŞ-da yaşayan vəkil dostumla danışdım və xahiş etdim ki, bu məsələdə Zeynəb xanıma kömək etsin. Bundan sonra həmin fond təsis edilib”, -deyə Aslan İsmayılov bildirib.

Hüquqşünas özünün fondun təsisçisi olmasına belə aydınlıq gətirib: “Qanuna görə fondu yaratmaq üçün 3 nəfər təsisçi lazım olub. Ona görə də təsisçilərdən biri David Yusifov, biri həmin vəkil, biri də mən olmuşam. Mən dəfələrlə Nyu-Yorka getmişəm və çox vaxt da biletimi həmin dostum alıb. Yəni, mənim sənədlərim onda var. 

Tam səmimi deyirəm ki, adımın ora salınmasından bu barədə məlumat yayılandan sonra xəbər tutmuşam və dərhal dostumla əlaqə saxlayıb məsələni aydınlaşdırmışam”.

Aslan İsmayılov fondun binası barədə iddiaların da əsassız olduğunu bildirib. “O, binanın nə Zeynəb Xanlarovaya, nə də mənə aidiyyatı var. Həmin bina dostumundur. Nyu-Yorkdakı “Bakı” restoranının yaxınlığında yerləşir. Dostum 2009-da o binanı alıb. Köhnə bina idi. Sonradan yenidənqurma işləri aparılıb. Həmin binanın mərtəbələri icarəyə verilib. Sadəcə fonda hüquqi ünvan lazım olduğuna görə sənədlərdə həmin binanın yerləşdiyi ünvan qeyd edilib”, - deyə hüquqşünas vurğulayıb.

Aslan İsmayılov həmçinin qeyd edib ki, fondun qayəsi  Azərbaycanda kimsəsiz, ehtiyacı olanlara, eyni zamanda Azərbaycan mədəniyyətini, dilini təbliğ edən təşkilatlara yardım etmək olub: “Fondun nizamnaməsi yayılıb. Gedin, oxuyun. Əgər dediklərim yalandırsa, o zaman mən ən böyük böhtançıyam. Nizamnaməni yayanlar da bilir ki, burada söhbət ABŞ-dakı ehtiyacı olanlardan getmir. Sadəcə qəsdən belə deyirlər. Məqsəd isə Zeynəb xanımı və məni ləkələməkdir”.

Hüquqşünas əlavə edib ki, fond fəaliyyətini təsis edildiyindən az sonra dayandırıb. Rəsmi olaraq isə fondun fəaliyyətinə 19 sentyabr 2017-ci ildə xitam verilib. “Bunun da səbəbi həmin o 10 min dollardır. İddia edirlər ki, həmin məbləği “Landromat” şirkəti köçürüb. Qəsdən belə yazırlar. Ona görə ki, hakimiyyətin 3 milyarda yaxın pulu Landromat şirkətlər tərəfindən mənimsənildiyi illərdir cəmiyyətə bildirildiyindən, mənim adımın da orada hallandırılmasına nail olmaq istəyirlər. Həqiqətsə ondan ibarətdir ki, Landromat adlı şirkət heç vaxt olmayıb. Sadəcə çirkli pulların yuyulmasını həyata keçirən şirkətlər Landromat şirkətlər adlandırılır. Bu fondun bütün fəliyyəti dövründə bircə dəfə “Metastar” şirkətindən 10 min dollar köçürülüb. Başqa heç vaxt heç bir əməliyyat aparılmayıb. Vəkil dostum fonda pul köçürən bu şirkətin kimə məxsus olduğunu bilmədiyindən dərhal fondun fəaliyyətini dayandırıb.

Mən dünən vəkil dostumla əlaqə saxladım, bu gün də həmin şirkətin kimə məxsus olması bizə bəlli deyil. Həmin şirkət barədə David Usubovun məlumatlı olub-olmadığını deyə bilmərəm. Çünki onunla danışmamışam və onu tanımıram.

Qeyd edim ki, bu şirkət fonda pul köçürəndən sonra dostum Zeynəb xanımla da əlaqə saxlayıb və şirkət barədə maraqlanıb. Zeynəb xanım şirkətin ona aidiyyatı olmadığını deyib və əlavə edib ki, ümumiyyətlə, bu “Metastar” barədə hər hansı məlumatı yoxdur. 

Bu gün məqsədli şəkildə - kimlərin olduğunu da bilirəm - mənim adımı bu məsələdə hallandırılar. Bu şayiəni bilərəkdən yayanlardan fərqli olaraq mən özümə əminəm, heç vaxt heç bir qanunsuz və çirkli əməllərdə iştirakım olmayıb. Əgər mən ölkənin yüksək vəzifəli məmurlarını kəskin tənqid edirəmsə, deməli, öz dürüstlüyümdən əminəm. Çirkli pulların yuyulması, yaxud başqa qara işlərlə məşğul olsaydım, çoxdan məni həbs etmişdilər. Hamıdan xahiş edirəm, bu məsələni araşdırın, kimlərin yalançı və böhtançı olduğunu xalqa göstərin”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər