Deputatlar nə qədər maaş alacaqlar? - MƏBLƏĞ

11.03.2020 14:02     Sosreaksiya     5964

Ötən gün VI çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib. İclasda parlamentin yeni spikeri, sədr müavinləri və komitə sədrləri müəyyənləşib.
 
Azvision.az mövzunun aktuallığını nəzərə alaraq, deputatların hazırkı maaşını araşdırıb.
 
Belə ki, 2018-ci ildə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib. Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, Milli Məclisin sədri 2475 manat, sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980, komitə sədrinin müavini 1 856 manat, sıravi deputat isə 1732 manat maaş alır.
 
Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri, onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar.
 
Bu məbləğ nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.
 
Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.
 
Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar.
 
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiqləyib. Bununla da parlamentin yeni tərkibi müəyyənləşib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
 
33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bu dairələr üzrə təkrar seçki keçiriləcək. Parlamentin yeni tərkibdə keçiriləcək ilk iclasında 121 deputat iştirak edəcək.
 

Şərhlər