Azərbaycanda orta aylıq əmək haqqı apreldə azalıb

11.06.2020 12:39     Sosreaksiya     1319

Bu il yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 736,2 manat təşkil edib. 

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur. Bununla belə, yanvar-mart aylarının yekununa nisbətən ölkədə maaşların orta həddi 1,1% azalıb. 

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 92,8 min nəfər və yaxud 5,9% artaraq 1 676,1 min nəfər olub, onlardan 926,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 749,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,9%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,8%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Reaksiya.az

Şərhlər