Bakı apteklərində hamının axtardığı “Arbidol”- baş nazirin müavininin və milyonçunun biznesi

Aptekdə “birini də mənə al” deyənlər...

COVİD-19 pandemiyası təkcə həyatımıza deyil, leksikonumuza da xeyli “yeniliklər” gətirib. Onlardan biri də son vaxtlar Bakı apteklərində, virus təhlükəsindən danışanlardan adını tez-tez eşitdiyimiz “Arbidol” preparatıdır.

Bakı apteklərində bu dərmana hazırda təlabat böyükdür. Bu preparatı “qara gün üçün” alıb saxlayanlar da az deyil. Özü də təkcə böyüklər üçün deyil, uşaqlar üçün də dozalarına tələbat çoxdur. Bunun əsas səbəblərindən biri də bu preparatın rəsmi olaraq COVİD-19-un müalicəsində istifadəsi barədə tövsiyədir. İki gün əvvəl bu sətirlərin müəllifi də şahidi olub ki, Bakı apteklərində bu dərmanı soruşanlar çoxdur. Hətta sovet dövründək növbələrdə nə satıldığını, nə olduğunu bilmədən “birini də mənə al” deyənlər yada düşür.

Qısası, bu “Arbidol” hazırda oxuyacağınız yazının müəllifinin də “zapas”ında var və yazının hazırlanmasını zəruri edən məhz bu sualdır: “Arbidol” nədir?

“Arbidol”un yüksəliş tarixi - Quş qripi...

Rusiya istehsalı olunan “Arbidol”un yüksəliş tarixi 2009-cu ildə dünyada baş qaldıran quş qripi xəstəliyi ilə başlayıb. Satışlar o həddə kəskin artıb ki, dərman istehsal edən müəssisələr gecə-gündüz işləməli olublar.

2010-cu ildə isə “Arbidol”u o zamankı baş nazir Vladimir Putin Murmanska səfəri zamanı apteklərin birindən soruşmaqla yenidən gündəmə gətirib. Baş nazir baş çəkdiyi aptekdə “”Arbidol” varmı? 260 rubla... ” soruşmaqla dərmanı reklam edib. Telekanallar baş nazirin bu sözlərini efirdə göstərdikdən sonra 2010-cu ilin ilk yarısı üçün “Arbidol” 35 milyon qutu satılıb və sahiblərinə 7.6 milyard rubl qazandırıb.

Çin bəlası “Arbidola” düşərli oldu

Çində bütün dünyanın tarazlığını dəyişəcək virusun yayılmasının elan edilməsi ilə “Arbidol”un da yeni yüksəlişi başlayıb. 2020-ci ilin yanvar-fevral ayında “Arbidol”un əsas istehsalçısı "Otisifarm" ASC yerli radiolarda reklam kampaniyası başladı və dərman satışı yenə rekord həddə çatdı. Təbii ki, reklam çarxlarında “Arbidol”un yeni koronavirus infeksiyasına qarşı effektivliyi təbliğ edilirdi. Nəticədə təkcə “Arbidol”un deyil, onun analoqu olan dərmanların da satışı kəskin artdı.

Sovet İttifaqı “Arbidiol”u ancaq Çinə tanıda bilmişdi...

Rəsmi bilgilərə görə, yanvar-fevral ayında “Arbidol”un satışı 32% artıb. İş o yerə çatıb ki, Rusiya Federal Antiinhisar Xidməti rəqabətliliyin pozulması səbəbindən bu reklam kampaniyası ilə bağlı araşdırmaya başlayıb. Amma artıq reklam öz işini görmüşdü…

Yeri gəlmişkən, “Arbidol” hələ Sovet İttifaqı zamanında sovet əczaçıları tərəfindən sintez edilmiş, yalnız 1988-ci ildə dərman kimi satılmağa başlamışdı. Dərmanın effektivliyi isə o zaman yalnız SSRİ və Çində sınaqdan keçirilmişdi.

Virusdan beş aylıq qazanc-2.7 milyard rubl...

Hazırda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin tövsiyəsi ilə koronaviruslu xəstələrə təyin olunan “Arbidol” rekord satışa sahibdir. Mayın ayının ortasında verilmiş rəsmi məlumata görə, ilin əvvəlindən preparatdan gələn satış 2,7 milyard rubl təşkil edir.

Azərbaycan Tibb Universitetinin professoru Musa Qəniyev medicina.az-a Bakıda “Arbidol”un satışı haqda ilginc bir ipucu verib. O deyib ki, Rusiyada bu preparatın istehsalı ilə məşğul olan əczaçılıq birliklərinin başında çox nüfuzlu və imtiyazlı şəxslər durur: “Odur ki, bilin, bu preparat Rusiyadan alınır və o, bizdə də sırf kommersiya maraqlarına xidmət edir. Yəni “Arbidol ”a ümid yeri kimi baxmaq lazım deyil.”

Bu maraqlı iddianı araşdırmaq üçün internet resurslarında araşdırma etdik və çox maraqlı məlumatlarla rastlaşdıq.

Baş nazirin xanım müavini, Xaritonin və milyardlar…

3212591b-ace5-4b5f-888b-6304a7505345.jpg (70 KB)

“Arbidol”un əsas istehsalçısı "Otisifarm" ASC-dir. ASC-yə milyarder Viktor Xaritonin rəhbərlik edir. Şirkət 2013-cü ildə qurulub. O, 2.3 milyard dollar sərvəti ilə 2019-cu ildə “Forbes”in siyahısında 43-cü yeri tutub. Xaritonin klinikaları hazırda COVİD-19-a yoluxmuş xəstələri müalicə edir.

"Arbidol" Xaritoninin viza kartı da adlana bilər. Dərmanın populyarlaşmasında hazırda baş nazirin sosial məsələr üzrə müavini olan, sabiq səhiyyə naziri Tatyana Qolikovanın xüsusi səyləri olduğu deyilir. Tatyana Qolikova hələ 2007-ci ildə Rusiya Federasiyasının səhiyyə və sosial inkişaf naziri işlədiyi vaxt “Arbidol” qrip və ümumi soyuqdəyməyə qarşı dərman kimi tövsiyə edib. Bundan sonra “Arbidol”un satışları (dövlət satınalmaları da daxil olmaqla) 100 dəfə artıb və pul baxımından hər il təxminən 5 milyard rubl gəlir gətirir.

 

Niyə Qolikova?

Rusiyanın şirkətləri haqda maraqlı məlumatların toplandığı ko.ru saytı bunun səbəbi ilə bağlı yazıb. Bildirilir ki, Rusiyanın sabiq sənaye və energetika naziri (indiki Sənaye və Ticarət Nazirliyi adlanır) Andrey Reus baş nazir müavininin keçmiş əridir. Həm Andrey Reus, həm də onun müavini olmuş Andrey Dementiyev Viktor Xaritoninlə uzun illərdir ki, dostdurlar və ortaq biznesləri var. Onların ortaq qurduqları "Generium" şirkəti hazırda ilk yerli sürətli COVİD-19 testinin də Rusiya Federasiyasında rəsmi istehsalçısıdır. Bu testlər 94% -dən çox dəqiqliklə 40 dəqiqə ərzində koronavirusun mövcudluğunu müəyyənləşdirir. Bu günə qədər test üçün dövlət satınalmaların həcmi demək olar ki, 263 milyon rubl təşkil edir.

“Arbidol”u FUFLOmisin adlandıranlar da var

Bununla birlikdə, bəziləri "Arbidol"u zarafatla fuflomisin adlandırırlar, çünki iddialara görə, dərmanın klinik effektivliyi hələ də sual altındadır. 2020-ci ilin fevral ayında Çin Səhiyyə Nazirliyinin “Arbidol”un rəsmi olaraq koronavirusun müalicəsi üçün dərmanlar siyahısına daxil edildiyi iddiası çox səs-küy yaratdı. Əslində isə dərmanın yalnız digər dərmanlarla birlikdə sınaqdan keçirilməsindən söhbət gedird...

Nəticə çıxarmaq yenə oxucuya qalır…

Reaksiya.az

Advertisement Banner

Şərhlər