“Kəlbəcərdə yaralansa da, maşından düşüb döyüşə qayıtmışdı”

08.12.2020 10:00     Sosreaksiya     404

Cahid Tağızadə İkinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən oğullarımızdandır. 1988-ci ildə Bərdə rayonunun Mirzalıbəylı kəndində anadan olan hərbçimiz müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Murovdağ, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin ərazilərin düşmən işğalından azad olunmasında xüsusi şücaət göstərib, bir çox erməni postunu, texnika və canlı qüvvəsini məhv edib. Yaralansa da, komandirinin israrına baxmayaraq, hospitala müraciət etməyib, yaralı halda döyüşlərə qatılıb. 

Şəhidin atası Vahid Tağızadə “Qafqazinfo”ya danışır ki, oğlu hələ uşaq yaşlarından hərb sahəsinə maraq göstərib. Elə bu maraq da onu 2009-2010 illərdə “Gizir hazırlığı kursu”na aparıb. Bərdə şəhərində Daxili Qoşunlarda hərbi xidmətə başlayıb, sonra isə Zaqatala rayonunda xidmətini davam etdirib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib, dəzgahlı qumbaraatan komandiri olub. Rəhbərlik Cahiddəki potensialı dəyərləndirərək onun 2013-cü ildə Türkiyənin “Eğirdir/Isparta Dağ Komanda okulu”nda iştirakını təmin edib. O, həmin kursları da müvəffəqiyyətlə bitirərək Vətənə dönüb. Qüsursuz xidmətinə görə dəfələrlə medal və mükafatlarla təltif olunub: “Müharibə dövründə bütün şəhid olan oğullarımız vətənpərvər, seçilmiş oğullar idi. Cahid də onlardan biri idi. Orta məktəbi çox yaxşı oxuyub, on birinci sinfə qədər sinif nümayəndəsi olub. Şəkli həmişə məktəbin “Şərəf lövhəsi”nə vurulardı”.

 

Atası deyir ki, Cahid çox dostcanlı olub, hər dəfə atasıgilə gələndə bütün dost-tanışlarını bir yerə yığarmış:

“Döyüşdüyü briqadanın özündə də çox hörməti vardı. Bərdə rayonundan Zaqatalaya- onun xidmət etdiyi yerə kim gedərdisə, onları aparıb yedirib-içirtməmiş geri qayıtmağa qoymazdı. Müharibə başlamamışdan yanına getmişdim. Həmin vaxt təlimlərdə idi, yarım saatlıq icazə alıb gəlib görüşdü və onda mənə dedi ki, qələbə qazanmaq üçün bizə uzağı iki-üç ay lazımdır. Amma heyif ki, qələbəni görə bilmədi...

Çox vətəninə bağlı oğul idi. Ailənin tək oğlu olan qaynı da döyüşlərdə iştirak edib yaralanmışdı. Ona zəng edib ki, “birdən yaralanıb döyüşə getməzsən, irəli gəl. Biz yaralansaq da, irəli gedirik”. Həqiqətən də, Kəlbəcərdə ayağından yaralanıb, komandiri zorla maşına mindirib ki, hospitala yola salsın. Lakin “mən döyüşə girəcəyəm” deyib və düşüb geri qayıdıb”. 

Cahid döyüşdə olduğu müddətdə də ailəsini unutmayıb, həmişə zəng edib onlarla maraqlanıb. Lakin döyüşə girdiyini, yaralandığını ailəsindən gizlədib ki, ondan nigaran qalmasınlar:

“Sentyabrın 28-i onunla eyni dəstədən olan Sərxan adlı hərbçi şəhid olmuşdu. Həmin gün briqadaya zəng vurub maraqlandıq. Sonra özü bizə zəng elədi. Heç demədi ki, döyüşdədir, dedi dincəlirik. Demə, həmin vaxt ayağından yaralı imiş. Füzulidə olanda da danışmışdıq. Yaxınlığımızdan - Yevlax yolundan keçib gedib. O yolla evimin arası 200 metr deyil. Qoymadı gedib onunla görüşək”.

Anası Reyhan Tağızadə isə oğlu haqqında keçmiş zamanda danışmağa çətinik çəkir:

“Çox qeyrətli oğuldur. Ondan başqa iki qardaşı da var. Həmişə onlara deyirdim ki, siz hərəniz ürəyimin bir parçasısınız, Cahid isə ürəyimin şah damarıdır. O, hər gün poliqona gedirdi, qayıdanda elə görüşürdük ki, elə bil bir aydır görüşmürük. Cahidə o qədər bağlı olmuşam. Cəbhəyə gedənə yaxın isə mənimlə görüşmədi. Deyirdi döyüşdə anam yadıma düşür, ancaq onu fikirləşirəm. Qorxdu ki, məni görər əli əsər, döyüşə bilməz”. 

Reyhan Tağızadə deyir ki, Cahidin həyatının mənası hərbçi olmaq idi. Neçə dəfə onu bu fikirdən döndərməyə çalışsalar da, bacarmayıblar. Sonda Cahid öz istəyinə nail olub:

“5 yaşında atasının furajkasını başına qoyub “atam kimi zabit olacağam” deyirdi. Çox çalışdıq onu hərbçi olmaq fikrindən daşındıraq, bacarmadıq. Axır dedim ki, gəl Bərdəyə, burada hərbi xidmətə başla, sənsiz qala bilmərəm. 8 ildən artıqdır xüsusi təyinatlıdır. Ona baxanda elə bilirdim bir dağdır. Həmişə fikirləşirdim ki, arxamızda bir dağ var. O şəhid olandan elə bil nəfəsim çatışmır. Hamı üçün şəhiddir, qəhrəmandır, amma valideyn üçün balasıdır. Çox çətindir...Mən hər dəfə səsini eşidəndə ağlayırdım ki, balamı görə bilmirəm. Bundan sonra necə olacaq bilmirəm. 

Cahidlə sonuncu dəfə ölümündən bir gün əvvəl danışdım. Gördü ağlayıram, dilim əsir, danışa bilmirəm, “ağlama, ana” dedi. Söz verdim ki, o gəlincə mən ağlamayacağam. Nəzir qurban dedim, amma Allah qəbul eləmədi...”

C. Tağızadə 3 oktyabrda döyüş yoldaşları ilə birlikdə Cəbrayılda xüsusi tapşırığı yerinə yetirərkən yaralanıb. Yaralı olmasına və döyüş yoldaşlarının təkidinə baxmayaraq, geri dönməyib. İrəli gedərək yaralı halda döyüşüb və qəhrəmancasına şəhid olub. Doğulduğu Mirzalıbəyli kəndində dəfn edilib. Şəhadətə qovuşmasından cəmi 1 gün sonra - 4 oktyabrda uğrunda şəhid olduğu Cəbrayıl rayonu düşmən işğalından azad olunub.

Cahid Tağızadənin yadigar Vətənə əmanət etdiyi Nərmin və Nihad adlı övladları qalıb.

Reaksiya.az

Şərhlər