Professorun şəhid oğlu: ürəyinin üstündə bu tapılıb...

21.12.2020 13:08     Sosreaksiya     403

Şəhid Elçin Vaqif oğlu Həsənli 1993-cü il iyun ayının 16-da Ağstafanın Həsənsu kəndində doğulub. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə Nəsimi rayonundakı 211 saylı tam orta məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Texniki Universitetinin “Elektrotexnika ve Energetika” fakültəsinə daxil olub. Həmin universiteti 2014-cü ildə “Elektrik mühəndisliyi” ixtisası üzrə bitirib.

2014-cü ildə Azərbaycan Texniki Universitetində magistratura pilləsinə daxil olub və 2017-ci ildə “Elektrik mühəndisliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirən Elçin 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub, orada da fərqlənib: komandirlərinə yaxşı əsgər, əsgərlərə yaxşı yoldaş, qardaş olub.

2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib, sertifikat alıb.

2018-ci ildə Şirvan ASC-nin mühəndisi, Sabirabadda “ASAN Xidmət”in əməkdaşı olub.

2019-cu ildə Memarlıq və İnşaat Universitetinin doktoranturasına qəbul olub. Elmi nəşrlərdə öz ixtisası üzrə bir neçə elmi məqaləsi yayınlanıb.

Subay idi Elçin. Atası ali məktəb, anası Xatirə xanım isə ibtidai sinif müəllimidir. Müəllim ailəsində böyüyüb boya-başa çatan Elçin ibtidaidən aliyə öyrənib milli xüsusiyyətlərimizi, ölkə həqiqətlərini, dərdimizi, uğurumuzu, gəncliyimizin üzərində olan vəzifələri... İbtidaidən aliyə həyatı öyrənmək hər bir yaş üçün çətin “vəzifə”dir, ancaq bir gənc öz ömrünə adına, soyadına layiq gözəllikləri yaşamaq, yaşatmaqla naxış, möhür vurursa, öz ölkəsinin acısını yenib, uğur gətirməkdə canı ilə iştirak edirsə, ölümün gözünün içinə dik baxıb, ölümü öldürənlərdən olursa... əlbət, (ustad Karakoç demiş) “qədərin üstündə bir qədər vardır”...

Şəhidimizin öz adı Elçin, qardaşının adı Elşəndir. Müəllim ailəsi oğlanlarına məhz elcanlılığı, el üçün çalışmağı, eli şən etməyi öyrədib.

Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günlərindən Ordu sıralarında olan Elçin Həsənli 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şuşa Şəhidi – bir gənc ömür üçün daha təsirli nə sonluq var?! Vətən sağ olsun!

Elçin Həsənli Həsənsu elində (Ağstafa) doğuldu, Bakıda təhsil aldı, Şuşada şəhid oldu, Xırdalandakı Şəhidlər Xiyabanında dəfn edildi, cənnətdə sakin oldu!

“Elçin bacarıqlı, işgüzar, hər yerdə özünə hörmət qazanan, hamının yerini bilən oğul idi. Şəhid olan vaxt ürəyinin üstündən Azərbaycan bayrağı tapılıb. Elçin bizim qürurumuzdur”, - anası deyir.

Ürəyi üstündə bayraq daşıyan oğullar həmişə ürəyimizdədir!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Şərhlər